Rusiyanın Ukraynada işğal etdiyi hər kilometr ona 170 əsgərə başa gəlir. Bunu Ukrayna prezidenti Volodimir Zelenski “The Atlantic”ə müsahibəsində deyib. “Ukrayna müharibəni uduzmur. Məncə, bunu Prezident Trampın administrasiyası da başa düşüb. Bu, onları bir qədər təəccübləndirə bilər. Çünki Rusiyanın propaqandası onların üzərində birbaşa işləyir. Bu yaxınlarda apardığımız hesablamalara görə, Rusiya Ukraynada işğal etdiyi bir kilometr torpaq onlara 170 əsgərə başa gəlir”,- Zelenski qeyd edib.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna savaşı başlayandan Rusiyanın itkiləri İkinci Dünya savaşından sonra müharibələrdə ən böyük itkilərdən sayılır, çünki Rusiyanın itkiləri 1000000 üzərində qiymətləndirilir. Zelenskinin iddiaları ilə bağlı politoloq qeyd edib ki, bu, əslində həqiqəti əks etdirən bir rəqəmdir.
Oqtay Qasımov“Rusiyada bu itkilərin yerini doldurmaq olduqca çətindir. Rusiya bunu müəyyən qədər kompensasiya etmək üçün artıq ordu sıralarına 100000 qadının cəlb olunması ilə bağlı qərar da verib. Bütün bunlar hamısı bir formada bu itkilərin yerini müəyyən qədər doldurmağa yönəlib. Bundan başqa, Rusiya tərəfi həm də beynəlxalq muzdlulardan da bu döyüşlərdə istifadə edir. O cümlədən, həbsxanada olan cinayətkarlar və miqrantların zorla savaşa göndərilməsi hadisələri məlumdur. Bütün bunlar, Rusiyanın mövqeyinə təsir etsə də, hələlik Rusiya savaşı dayandırmaq niyyətində deyil. Hesab edir ki, onun həm insan resursu, həm hərbi potensialı və iqtisadi potensialı Ukraynadan güclü olduğuna görə bu savaşı davam etdirib, hədəflərinin ən azı bir qisminə çata bilər. Ona görə də Rusiya tərəfi, konkret olaraq Vladimir Putin bu savaşın dayanmasından yana deyil. Sülh danışıqlarını da, məhz Rusiya bir şəkildə uzatmağa və vaxt qazanmağa çalışır. Vaxt uzadan Rusiya Ukraynanı çökdürmək və daha ağır məğlubiyyətə düçar etmək istəyir ki, Ukrayna onun istəklərini qəbul etsin. Bu baxımdan, Rusiyanın hələlik mövqeyində ciddi korrektlərin olduğunu biz görmürük”-deyən politoloq bildirib ki, insan itkiləri ilə yanaşı Rusiyanın iqtisadiyyatında geriləmələr başlayıb və keçən ilin iqtisadi artımı cəmi bir faiz təşkil edib ki, bu da kifayət qədər Rusiya üçün narahatedici bir rəqəm sayıla bilər.
Oqtay Qasımov hesab edir ki, Amerika Birləşmiş Ştatları hazırda tərəflərlə müəyyən balansı qorumaqla Rusiyanın müəyyən istəklərin yerinə gətirilməsi ilə bu savaşı bitirməyə çalışır, amma eyni zamanda öz maraqlarını da önə çəkir: “Amerika Birləşmiş Ştatları təzyiqi çox artırmaq istəmir ki, o, tam şəkildə Çinin mənsub olduğu cinahda yer almasın. Ən azı Donald Tramp onu hədəf götürüb ki, Rusiya Çinlə çox yaxınlaşmasın. Ən azı gələcəkdə Çinlə rəqabətdə, yaxud hansısa bir qarşıdurmada Rusiya aktiv şəkildə Çinin yanında olmasın və onun neytrallığı təmin olunsun”.
“Beynəlxalq ictimaiyyətin təzyiqləri əslində dörd ildən bəri davam etməkdədir. Xüsusilə də Avropa ölkələrinin Rusiyaya qarşı mövqeyi kifayət qədər sərtləşib və embarqolar, sanksiyalar tətbiq olunub. Amma bu sanksiyalar təəssüf ki, hələ lazım olan səviyyədə deyil.
Sərt şəkildə sanksiyalar olarsa, Rusiyanın mövqeyində müəyyən yumşalma gətirə bilər”-deyə Oqtay Qasımov qeyd edib.
Politoloqun fikrincə, beynəlxalq ictimaiyyət deyildiyi zaman, sadəcə Qərb və ABŞ nəzərdə tutulmur: “Burda Çinin çox önəmli rolu ola bilər. Əgər Amerika Birləşmiş Ştatları və Çin razılaşsalar ki, savaş dayansın və Rusiyaya bununla bağlı müəyyən təzyiqlər etsə, o zaman bu savaş dayana bilər”.
Oqtay Qasımov hesab edir ki, Rusiya savaşı dayandırmaq niyyətində deyil: “Ən azı öz şərtləri ilə masaya oturmaqda maraqlıdır ki, bu da Ukrayna tərəfindən qəbul edilməz hesab olunur”.
İradə Cəlil, Bizimyol.info






