ABŞ hərbçiləri Suriyanın müxtəlif həbsxanalarından 5700-ə yaxın məhbusu İraqa köçürmə əməliyyatını başa çatdırıb. Onların əksəriyyəti İŞİD üzvü olmaqda ittiham olunur. İraq Ədliyyə Nazirliyi sosial şəbəkələrdə məhbusların siyahısını yayıb, burada hər birinin milliyyəti və hansı ölkə vətəndaşı olduqları göstərilib. Siyahıya görə, ümumilikdə 66 ölkədən şəxslər köçürülüb. İddialara əsasən, həmin məhbuslar arasında 55 Azərbaycan vətəndaşı da yer alır.
- Əgər bu məlumat doğrudursa, Azərbaycan necə addım ata bilər?
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yeni İslam Xilafəti qurmaqla bağlı bir ideoloji təbliğat terroru yaradıldı və Azərbaycan vətəndaşları da çox təəssüf ki, bu prosesə cəlb olundular. Deputat qeyd edib ki, hazırda tamamilə mümkündür ki, hələ də Suriyadan İraqa köçürülən "məhbuslar"ın içərisində azərbaycanlılar da olsun: “Əslində bunlar məhbuslar deyil, terrorçulardır desək, daha doğru olar. Ancaq mənə elə gəlir ki, onların azad edilməsi bir qədər çətin olacaq. Çünki Amerika Birləşmiş Ştatları bu məhbusları nəzarəti altında saxlayıb, bir növ özünün proksi qüvvəsi kimi gələcəkdə yenidən hansısa ölkəyə qarşı terror vasitəsi kimi istifadə edə bilər. Bu səbəbdən də, mən düşünmürəm ki, onları Azərbaycana gətirmək belə asan olsun. Onların böyük əksəriyyəti müxtəlif terror düşərgələrində təlim keçmiş hazır terrorçulardır”.
Hikmət BabaoğluHikmət Babaoğlu bildirib ki, onların beyinləri manipulyasiya edilib və çox güman ki, qaranlıq qüvvələr onlardan gələcəkdə yenidən terror törətmək üçün istifadə edə bilər, bu səbəbdən də məhbus adı altında bu gün köçürüb İraqa yerləşdirirlər: “Biz ümid edək ki, bu, belə deyil. Biz ordakı vətəndaşlarımızı bu və ya digər şəkildə ölkəmizə qaytara biləcək və ailələrinə yenidən qazandıra biləcəyik”.
İradə Cəlil, Bizimyol.info






