Birləşmiş Millətlər Təşkilatının indiki durumda iflic vəziyyətə düşməsi beynəlxalq münasibətlərdə boşluq yaradıb. Bu barədə Prezident İlham Əliyev vurğulayıb ki, hazırda hər hansı alternativ qurum mövcud deyil və dünya sistemi “kim güclüdür, o da haqlıdır” prinsipi ilə idarə olunmamalıdır. Bu çağırış yalnız güc siyasətinə deyil, həm də ədalət və sivil dəyərlərə əsaslanan yeni yanaşmanın zəruriliyini göstərir. Sivil dünyanın münasibətlərinin qorunması üçün beynəlxalq nizamın yeni mexanizmləri tələbat halına gəlib. Əslində, bu, həm də Azərbaycanın qlobal siyasətdə məsuliyyətini artıran çağırışdır.
Bizimyol.info xəbər portalının təsisçisi, əməkdar jurnalist Bahəddin Həzi bildirib ki, indiki Birləşmiş Millətlər Təşkilatı 1945-ci il okttabrın 24-də yaradılıb, İkinci Dünya Müharibəsinin bitməsindən heç iki ay keçməmişdi: “Bundan əvvəl Millətlər Cəmiyyəti vardı, o da 1919-cu ildə təsis olunmuşdu. Gördüyünüz kimi, Millətlər Cəmiyyəti Birinci Dünya Müharibəsindən (1914-1918-ci illər) dərhal sonra - Versal sülh müqaviləsi ilə təsis olundu. Millətlər Cəmiyyəti növbəti dünya müharibəsinin qarşısını almaq üçün düşünülmüş beynəlxalq mexanizm idi. Ancaq bu mexanizm bəşəriyyəti İkinci Dünya Müharibəsindən (1939-1945-ci illər) qoruyub, yayındıra bilmədi. İndiki BMT də İkinci Dünya Müharibəsindən sonra yaradılıb. Məqsəd üçüncü dünya müharibəsindən xilas etmək olub. Ancaq bu mexanizm də işləmir. "Soyuq müharibə" - üçüncü dünya müharibəsinin birinci fazası 1946-cı ildə Fulton görüşündən başladı. Yəni BMT buna mane ola bilməmişdi. "Soyuq müharibə" bitdikdən sonra isə permanent və hibrid müharibələr "bataqlığı" bəşəriyyəti öz dibinə çəkdi və çəkitr də. BMT mane ola bilmir”.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi“1992-ci ildə Varşava müqaviləsindən sonra Helsinki yekun aktı elan edildi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (sonradan "müşavirə" sözü "təşkilat" sözü ilə əvəz olundu) quruldu ki, bu aktın icrasına nəzarət etsin. Yəni BMT-nin boşluqlarını (heç olmasa, Avropa qitəsində) doldursun. Çünki BMT-nin əsas çevik qərarvermə orqanı Təhlükəsizlik Şurasıdır (TŞ). Ancaq bu orqanın özündəki beş daimi üzvdən hər birinin veto hüququ var. BMT-də dünyanın taleyi ilə bağlı kollektiv məsuliyyətə əsaslanan qərarvermə mexanizmi formaldır. Beş daimi üzvdən üçü - ABŞ, Böyük Britaniya, Fransa o biri iki üzv dövlətlə - Rusiya və Çinlə qarşıdurmadadır. Bir tərəfin layihəsini o biri tərəf veto ilə bloklayır. BMT xəttilə beynəlxalq təhlükəsizliyə məsul olan Rusiya özü hazırda Ukraynada işğalçı müharibə aparır. BMT hətta hansısa bir qərar verirsə belə, Rusiya onu yerinə yetirmir. Eyni şey Yaxın Şərq münaqişələrinə də aiddir; 1967-ci ilin iyununda Sinay yarımadasında İsrail-Misir müharibəsi başlayıb. Az qalıb 60 il ola, hələ də qarşıdurma bitmir. BMT TŞ onlarla qətnamə qəbul edib, ancaq heç biri yerinə yetirilməyib. Yaxud keçmiş Yuqoslaviyanı götürək. BMT gücsüz qaldı. Heç uzağa getməyək. Ermənistanla Azərbaycan arasındakı keçmiş münaqişəni götürək: 6 ay ərzində BMT TŞ dörd qətnamə qəbul etdi, ancaq heç birinə Ermənistan əməl etmədi.
Azərbaycan yeganə dövlətdir ki, 200-ə yaxın ölkəni özündə birləşdirən BMT-nin 30 ilə edə bilmədiyini təkbaşına 44 günə reallaşdırıb. Nə "veto oyunu" ilə iflic edilmiş BMT, nə də konsensusla qərar qəbul etmə mexanizmi - ATƏT bir işə yaramadı”-deyən Bahəddin Həzinin fikrincə, bu, çox təhlükəli reallıqdır.
“Xatırladıram: hər iki dünya müharibəsi güclünün haqlı sayıldığı dövrə təsadüf edir. İndi də eyni vəziyyət yaranmaqdadır. Ona görə də gücün haqqını deyil, haqqın gücünü təmsil edən beynəlxalq siyasi-hüquqi mexanizmlər formalaşmalıdır, əks halda dünyanı daha böyük fəlakət gözləyir”-deyə Bahəddin Həzi vurğulayıb.
Əməkdar jurnalistin fikrincə, Azərbaycan dünyaya yeni paradiqma təkif edib; haqlının güclü olduğunu öz nümunəsində - 44 günlük müharibədə göstərib, yni zamanda öz bölgəsinin - özünün nümunəsində dağıdıcı müharibənin alternativini ortaya qoyub: “Bu, adil və dayanıqlı sülhə əsaslanan bərabərhüquqlu, qarşılıqlı faydalı tərəfdaşlıq modelləşdirməsidir. Azərbaycanın istər Qoşulmama Hərəkatındakı təsirli rolu, istər sivilizasiyalararası dialoq platforması kimi aktivliyi və sair formalarda fəaliyyəti dinc birgəyaşayışa töhfələr verir. Azərbaycanın "Sülh Şurası"na təsisçi üzv kimi qoşulması bu cür qlobal sülh yaradıcılığında növbəti addımdır. Bir sözlə, Azərbaycan yeni - daha ədalətli dünya nizamı üçün əlindən gələn hər şeyi edir. Ancaq, ölkə Prezidentinin də dediyi kimi, hər şey Azərbaycandan asılı deyil”.
İradə Cəlil, Bizimyol.info






