“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” panel müzakirəsində iştirak edib. Tədbir regional təhlükəsizlik, enerji və nəqliyyat məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma kimi diqqət çəkir və ölkəmizin beynəlxalq gündəmdəki rolunu gücləndirir”.
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı hesab edir ki, panel müzakirəsində Azərbaycanın Trans-Xəzər marşrutundakı rolu və regionda tranzit və logistika imkanlarının genişləndirilməsi ön plana çıxıb: “Azərbaycanın coğrafi mövqeyi və həyata keçirilən infrastruktur layihələri ölkəmizi regional tranzit dəhlizi olmaqla yanaşı, beynəlxalq ticarət sistemində etibarlı aktor səviyyəsinə çıxarıb. Bu da ölkənin ticarət dövriyyəsinə, gömrük gəlirlərinə və xarici investisiyaların cəlb olunmasına birbaşa müsbət təsir göstərir”.
Əli Səlimovİqtisadçının fikrincə, bəzi sahələrdə əlavə koordinasiya və strateji planlaşdırma zərurəti mövcuddur ki, bu da gələcəkdə potensialın daha effektiv realizasiyasını təmin edə bilər: “Enerji təhlükəsizliyi panel müzakirəsində xüsusi vurğulanıb. Xəzər hövzəsinin enerji resurslarının Avropaya çıxışı Azərbaycanın strateji və iqtisadi əhəmiyyətini artırır. Enerji diplomatiyası yalnız dövlət gəlirlərinin sabitliyini deyil, həm də regional iqtisadi və siyasi mövqeyin möhkəmləndirilməsini təmin edir. Bununla belə, qlobal bazarlarda qiymət dəyişiklikləri və tranzit marşrutlarda potensial qeyri-sabitlik riskləri mövcuddur. Azərbaycanın enerji strategiyası uğurlu olsa da, davamlı iqtisadi nəticələr üçün risklərin sistemli idarə olunması və çevik diplomatik addımlar vacibdir”.
Əli Səlimov qeyd edib ki, nəqliyyat və logistika sahəsində irəliləyişlər iqtisadi baxımdan həm də strateji əhəmiyyət kəsb edir: “Orta Dəhliz xətti üzrə infrastrukturun genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal tranzit mexanizmlərinin tətbiqi Azərbaycanın regional ticarət mərkəzi kimi rəqabət üstünlüyünü artıracaq. Bu sadəcə ölkə iqtisadiyyatına deyil, bütün bölgəyə iqtisadi fayda gətirəcək, iş yerlərinin yaradılmasına və yerli biznesin inkişafına töhfə verəcək”.
“Panel müzakirəsində regional əməkdaşlığın genişləndirilməsi və gənc nəslin iştirak imkanları da diqqət mərkəzində olub. Xüsusilə gənc nəslin gələcək əməkdaşlıq və investisiya layihələrində aktiv rol oynaya bilməsi baxımından iqtisadi perspektiv daşıyır. Regional layihələr yalnız iqtisadi təşəbbüslər deyil, həm də strateji əlaqələrin möhkəmləndirilməsi və uzunmüddətli iqtisadi dayanıqlılığın təminatı üçün vacib vasitələrdir. Bu da öz növbəsində Azərbaycanın regional liderlik potensialını artıracaq və gələcək nəsil üçün təcrübə mühiti yaracaqdır”-deyə iqtisadçı bildirib ki, Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın regional və beynəlxalq arenada rolunu nümayiş etdirmək üçün əhəmiyyətli platforma təqdim etdi.
“Trans-Xəzər əməkdaşlığı artıq real iqtisadi imkanlar göstərməyə davam edəcək. Layihələrin daha dayanıqlı olması, risklərin idarə olunması və institusional əməkdaşlığın gücləndirilməsi Azərbaycanın strateji və iqtisadi rolunun daha da möhkəmləndirəcək. Bu, həm iqtisadi sabitliyin təmin olunmasına, həm də Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edəcək”-deyə Əli Səlimov vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






