ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla problemin kökündə “şiə dini baxışları” dayanır. Onun fikrincə, radikal şiə din xadimləri yalnız dini prinsiplərə əsaslanaraq geosiyasi qərarlar qəbul edirlər ki, bu da razılaşmanın əldə olunmasını çətinləşdirir. Rubio əlavə edib ki, hələ heç kim İranla uğurlu razılaşma əldə etməyib, amma ABŞ cəhdlərini davam etdirəcək.
- İranda dini prinsiplərə əsaslanan qərar sistemi ABŞ-ın diplomatik strategiyasına necə mane olur?
Siyasi şərhçi Mərahim Nəsib Bizimyol.info xəbər portalına açıqlamasnda bildirib ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubionun İranla bağlı səsləndirdiyi fikirlər Vaşinqton-Tehran münasibətlərindəki əsas ziddiyyəti açıq şəkildə nümayiş etdirir. Mərahib Nəsibin fikrincə, məsələnin kökü təkcə diplomatik gərginlikdə deyil, iki ölkənin siyasi sistemləri arasındakı fərqdən qaynaqlanır: “İranda məlum olduğu kimi, siyasi sistem dini legitimlik üzərində qurulub və ali qərarvermə mexanizm dini rəhbərlik institutu ilə sıx bağlıdır. Bu isə o deməkdir ki, qəbul edilən qərarlar yalnız geosiyasi maraqlara deyil, həm də ideoloji və məzhəbi çərçivəyə uyğunlaşdırılır. Yəni əsas prioritet budur. Xüsusilə bu gün İranı daha çox təcrid edən, təzyiq və təhdidə məruz qalan ölkəyə çevriən əsas məsələlər var ki, (nüvə proqramı, regional təsir, bu münasibətlər proksi qüvvələrin müqavimət oxu konsepsiyası) bunlar Tehranda təkcə milli maraq deyil, həm də dini ideoloji məsuliyyət kimi təqdim olunduğu üçün belə bir şəraitdə İranın kompramisə getməsi təbii ki, zəiflik kimi qəbul oluna bilər. Amma bu gün həm daxildə, istərsə də ABŞ və İsrail tərəfindən daxili vəziyyətdə böhran, iqtisadi inflyasiya, etirazların qalxması və İranın bütün bunların fonunda kompramisə getməməsi də İranın vəziyyətini daha da çətinləşdirir”.
Mərahim NəsibMərahim Nəsib şərhçi qeyd edib ki, Vaşinqtonun Tehranla razılaşması bir neçə istiqamətlərdə inkişaf edə bilər: Birincisi, nüvə proqramının məhdudlaşdırılması və İrana qarşı tətbiq edilən sanksiyaların qismən yumşaldılmasıdır. Bu halda, regionda gərginlik nisbətən azala bilər.
Digər tərəfdən, sanksiyalar sərtləşdirilə bilər. Burada əsas məsələ isə qarşılıqlı etimadın formalaşmasıdır. Çünki tarixi təcrübə göstərir ki, tərəflər arasında imzalanan razılaşmalar daxili siyasi dəyişikliklərdən asılı olaraq asanlıqla zəifliyə və ya ləğv oluna bilər. Əgər geosiyasi qərarlar ideoloji çərçivədə əsaslandırılsa, kompromis üçün siyasi manevr sahəsi dayanacaq. Bu da təkcə ABŞ, İran münasibətlərinə deyil, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik arxitekturasına təsir göstərə bilər. Yəni problem yalnız diplomatik deyil, daha çox sistematik xarakterlidir. Birləşmiş Ştatlar praqmatik danışıqlar aparmağa çalışsa da, İranın ideoloji siyasi modeli bu prosesi mürəkkəbləşdirir.
ABŞ-ın İsraillə münasibətləri və İrana qarşı sərt addımları İran tərəfindən hər zaman dediyimiz "müqavimət oxu" düşmənə qarşı mübarizə addımlarını atmağa vadar edir. Bu da hər iki tərəfin bir birinə yaxınlaşmasını çətinləşdirir. Buna görə də mümkün razılaşma yalnız təhlükəsizlik təminatlarında deyil, həm də tərəflərin daxili siyasi legitimlik ehtiyaclarını nəzərə alan çərçivədə mümkün ola bilər”.
İradə Cəlil, Bizimyol.info






