Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2 Fevral – Azərbaycan Gəncləri Günü: Dövlət siyasətinin strateji dayağı kimi gənclik
2 Fevral – Azərbaycan Gəncləri Günü: Dövlət siyasətinin strateji dayağı kimi gənclik

Azərbaycan gəncliyi müasir dövlət quruculuğu prosesində daim aparıcı qüvvə kimi çıxış etmiş, ölkənin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatında mühüm rol oynamışdır. 02 Fevral Azərbaycan Gəncləri Günü bu baxımdan yalnız əlamətdar tarixi gün deyil, eyni zamanda gənclərin cəmiyyətin inkişafındakı yerini və rolunu qiymətləndirmək, onların potensialına dövlət səviyyəsində verilən önəmi nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu əlamətdar günün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Məhz onun təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilən I Azərbaycan Gənclər Forumu ölkənin gənclər siyasətində yeni mərhələnin başlanğıcı olmuşdur. Forumda iştirak edən yüzlərlə gəncin fikir və təklifləri diqqətlə dinlənilmiş, gənclərin problemləri və gözləntiləri birbaşa dövlət rəhbərliyinə çatdırılmışdır. Bunun nəticəsi olaraq, 1997-ci il fevralın 1-də imzalanmış sərəncamla 02 Fevral Azərbaycan Gəncləri Günü kimi rəsmiləşdirilmişdir.

Ulu Öndər Heydər Əliyev gənclər haqqında danışarkən deyirdi: “Gənclər bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, dövlətimiz və millətimiz də o cür olacaqdır.” Bu strateji baxış bu gün də dövlət siyasətinin əsas ideoloji sütunlarından biri kimi qalmaqdadır. Ümummilli Lider Heydər Əliyev gənclərə yalnız sosial qrup kimi deyil, müstəqil Azərbaycanın sabahını formalaşdıracaq əsas qüvvə kimi yanaşmış, onların intellektual, mənəvi və fiziki inkişafına xüsusi önəm vermişdir.

Bu siyasi xətt bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlmiş, gənclərin məşğulluğu, təhsili, sosial rifahı, innovasiya və sahibkarlıq imkanları genişləndirilmişdir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, “Bizim əsas sərvətimiz savadlı, vətənpərvər və güclü gənclərdir”. Bu məqsədlə son illər ərzində “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə”, “2022–2026-cı illər üçün Gənclər Strategiyası” kimi mühüm dövlət proqramları qəbul edilmiş, gənclərin inkişafına yönəlmiş kompleks tədbirlər həyata keçirilmişdir. Gənclər fondlarının fəaliyyəti, startap layihələrinin maliyyələşdirilməsi, könüllülük hərəkatının genişləndirilməsi, beynəlxalq təhsil proqramlarına çıxış imkanlarının artırılması gənclər üçün yaradılan real imkanların bariz nümunəsidir

Xüsusi vurğulanmalı məqamlardan biri də Azərbaycan gənclərinin Vətən müharibəsində nümayiş etdirdiyi yüksək vətənpərvərlik ruhudur. Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbədə minlərlə gəncin qəhrəmanlığı, fədakarlığı və cəsarəti həlledici rol oynamışdır. Bu fakt bir daha sübut etdi ki, dövlətin gənclərə verdiyi siyasi, ideoloji və mənəvi tərbiyə real nəticələr doğurur.

Bu gün keçirilən Gənclər forumları, beynəlxalq konfranslar və dialoq platformaları Azərbaycan gənclərinin ictimai fəallığını artırmaqla yanaşı, onların qlobal miqyasda ölkəmizi layiqincə təmsil etməsinə imkan yaradır. Forumlar gənclərin dövlət idarəçiliyində iştirakını təşviq edir, onların ideyalarının reallaşmasına şərait yaradır və yeni liderlərin yetişməsinə zəmin formalaşdırır.

Müasir dövrdə informasiya texnologiyalarının, süni intellektin, rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi bir şəraitdə Azərbaycan gəncliyi həm də innovativ düşüncənin, startap təşəbbüslərinin və texnoloji irəliləyişin əsas aparıcı qüvvəsidir. Dövlət tərəfindən yaradılan texnoparklar, innovasiya mərkəzləri və gənclər evləri bu potensialın reallaşmasına mühüm töhfə verir.

2 Fevral Azərbaycan Gəncləri Günü yalnız bayram deyil, həm də böyük məsuliyyət günüdür. Bu gün gənclər qarşısında duran əsas vəzifə Ulu Öndərin ideyalarına və cənab Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına sadiq qalaraq, ölkənin suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını daim uca tutmaqdır.

Əminliklə demək olar ki, güclü dövlət, qüdrətli ordu və dayanıqlı iqtisadiyyatın əsas təminatçısı məhz vətənpərvər, savadlı və fəal gənclikdir. Azərbaycan gəncliyi bu tarixi missiyanı ləyaqətlə yerinə yetirir və ölkəmizin sabahına inamla addımlayır.

Nicat İsmayılov Nicat İsmayılov
Son xəbərlər
Bütün xəbərlər »