Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qanunvericiliyin icazə verməsi o demək deyil ki, kimsə istədiyi kimi, düşünmədən ad-soyad dəyişikliyi etsin”
“Qanunvericiliyin icazə verməsi o demək deyil ki, kimsə istədiyi kimi, düşünmədən ad-soyad dəyişikliyi etsin”

2025-ci ildə Azərbaycanda ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı ümumilikdə 2723 akt qeydi tərtib olunub. Ədliyyə Nazirliyin açıqlamasına əsasən, həmin şəxslərdən 917-si yalnız adını dəyişdirib. Soyadını dəyişdirmək üçün müraciət edənlərin sayı isə 1383 nəfər olub. Bundan əlavə, 5 nəfər ata adından imtina edib və ya onu dəyişdirib. Statistik göstəricilər ötən il ən çox dəyişdirilən şəxsiyyət məlumatının soyad olduğunu göstərir. Ata adının dəyişdirilməsi isə nadir hallarda baş verib.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına sosioloq Elçin Bayramlı bildirib ki, insan həyatı boyu bir ad və bir soyadla yaşamalıdır: “Son vaxtlar ad və soyad dəyişdirmə hallarında müəyyən artım müşahidə olunur. Bu tendensiyanın müxtəlif səbəbləri var və əsasən iki istiqamətdə özünü göstərir. Bir hissəsi dəblə bağlıdır - bəzi insanlar müəyyən adları bəyənmədikləri üçün onları dəyişdirməyə üstünlük verirlər. Halbuki bu adlar bizim ənənəvi, milli və tarixi adlarımızdır; əsrlər boyu istifadə olunmuş, dərin mənalar daşıyan adlardır. Sadəcə dəbə uyğun gəlmədiyi üçün bu adların dəyişdirilməsi arzuolunmaz və mənfi hal kimi qiymətləndirilə bilər.

Ümumiyyətlə, insan həyatı boyu bir ad və bir soyadla yaşamalıdır. Lakin burada həm obyektiv, həm də subyektiv səbəblər mövcuddur. Obyektiv səbəblərə gəldikdə, bəzi hallarda valideynlər uşaqlarına mənası uyğun olmayan, yaxşı səslənməyən və ya gülünc adlar verirlər. Bu cür adlar uşaqların sosial mühitdə, xüsusilə məktəb və gənclik dövründə lağ obyektinə çevrilməsinə səbəb ola bilər. Belə hallarda həmin şəxslər adlarını dəyişdirməyə məcbur qalırlar.

Bu cür dəyişiklikləri anlayışla qarşılamaq lazımdır. Heç bir uşaq valideyninin düşüncəsizliyi ucbatından ömür boyu mənəvi əziyyət çəkməməlidir. Ad insanın kimliyinin ayrılmaz hissəsidir və əgər bu kimlik şəxs üçün mənfi emosiyalar doğurursa, onun dəyişdirilməsi başadüşüləndir.

Soyad məsələsinə qaldıqda, burada dəyişikliklər əsasən şəkilçilərlə bağlı olur və bu, milliləşdirmə prosesi çərçivəsində mühüm və zəruri bir addım kimi qiymətləndirilə bilər. Şəxsən mən özüm də 1990-cı illərin sonlarında soyadımı rəsmi şəkildə dəyişdirmişəm.

Burada vacib bir məqam var: şəkilçiləri dəyişmək mümkündür və bu zaman soyadın kök hissəsi qorunub saxlanılır. Lakin soyadın tamamilə dəyişdirilməsi, yəni fərqli bir soyad götürülməsi doğru hesab edilə bilməz. Çünki soyad bir ailənin, bir nəslin yüzillərlə formalaşmış tarixini daşıyır. Bu tarixi bağları qırmaq, həmin ailə və nəsil ardıcıllığını pozmaq deməkdir. Dünyanın əksər ölkələrində, müxtəlif sivilizasiyalarda soyadlar ailə və nəsil mənsubiyyətinin davamlılığını təmin edən mühüm bir göstəricidir.

Şəkilçi dəyişikliyi isə məntiqli və qəbulolunandır. Məsələn, “-ov”, “-ova” şəkilçilərinin əvəzinə “-lı”, “-li” kimi milli şəkilçilərin işlədilməsi həm dilimizə, həm də kimliyimizə daha uyğundur.

Bəzən də tamamilə ad götürürlər və soyad da ad kimi olur. Məsələn; şərti olaraq Saleh Qurban deyək -bunun ikisi də addır, müxtəlif yerlərdə bu sözləri yazanda bilinmir ki, bunun hansı soyaddır, hansı addır. Bu da problem yaradır. Ona görə də soyadlar təkcə ad formasında olmamalı, ya şəkilçi ilə tamamlanmalı, ya da fərqli bir sözlə ifadə olunmalıdır ki, ad və soyad bir-birindən aydın şəkildə seçilə bilsin. Məntiq bunu tələb edir”.

Elçin Bayramlı Elçin Bayramlı

Elçin Bayramlı qeyd edib ki, adlar və soyadlar bir millətin identifikasiya sisteminin əsas elementlərindəndir: “Hazırda insanlar bu məsələdə daha sərbəstdirlər və qanun da buna imkan verir. Lakin mən bunu məntiq və ədalət baxımından dəyərləndirərək düşünürəm ki, ad və soyad seçimi milli köklərə əsaslanmalıdır, Azərbaycan xalqının tarixi, mədəniyyəti və psixoloji xüsusiyyətlərinə uyğun olmalıdır ki, gələcəkdə belə problemlər yaranmasın.

Soyadlarımız da 100 illərlə davam edən ailə və nəsil ənənələrinin daşıyıcısı kimi, kök sözünü qorumaq şərti ilə şəkilçi dəyişikliyi ilə milliləşdirilə bilər. Məsələn; əvvəl qeyd etdiyim nümunədə əgər bir şəxsin adı “Saleh Qurban”dırsa, bu formanın “Saleh Qurbanlı” və ya “Saleh Qurbanzadə” kimi versiyaları ola bilər. Müxtəlif formaları var.

Ata adı ilə bağlı dəyişikliklər çox nadir hallarda baş verir və bu, əsasən ailə vəziyyətlərindəki xüsusi hallarla əlaqəlidir. Bəzən sonradan məlum olur ki, şəxsin bioloji atası fərqli imiş və ya boşanma nəticəsində uşağın soyadı dəyişdirilir, yaxud boşanma nəticəsində uşaq anada qalarsa, ana öz soyadını ona verir. Lakin bu, ənənəvi sistem baxımından düzgün sayılmır. Bunun uşağın ailə vəziyyətindən asılı olmayaraq, onun faktiki və ya bioloji atası kimdirsə, soyadı da ondan gəlməlidir.

Əlbəttə, hazırda qanunvericilik insanlara ad, soyad və ata adı ilə bağlı dəyişiklik etmək imkanı verir. Lakin bu, o demək deyil ki, necə gəldi hər kəs istədiyi kimi, düşünülmədən bu dəyişiklikləri etməlidir.

Ümumiyyətlə, adlar və soyadlar bir millətin identifikasiya sisteminin əsas elementlərindəndir. Onlar xalqın tarixini, mədəniyyətini və mənəvi dəyərlərini əks etdirən mühüm göstəricilərdir. Dünyanın əksər ölkələrində ad və soyadlar vasitəsilə şəxsin hansı millətə mənsub olduğu müəyyən edilir. Təəssüf ki, bizdə bəzən dəblə bağlı olaraq filmlərdən və seriallardan götürülmüş, ənənəvi adlarla heç bir əlaqəsi olmayan adlar uşaqlara verilir. Bu isə nəticədə tarixi adların unudulmasına, nəsillər arasında ad baxımından əlaqənin qırılmasına səbəb olur. Belə bir mənzərə yaranır ki, 100 il əvvəlki nəsillərlə bu günkü nəsillər arasında ad baxımından heç bir bağ qalmır. Bu isə tarixi əlaqənin qırılmasıdır”.

Sosioloq vurğulayıb ki, sevindirici haldır ki, 5-6 il öncə biabırçı adların uşaqlara verilməsinə qarşı müəyyən məhdudiyyətlər tətbiq olunub: “Millətin tarixi, mədəniyyəti və düşüncə tərzinin davamlılığı üçün ad və soyadlarda tarixi ənənələr qorunmalıdır. Əlbəttə, mənası pis olan, gülüş hədəfinə çevrilən və ya şəxsi narahat edən adların dəyişdirilməsi başadüşüləndir və normal haldır.

Bu prosesə yanaşmada iki əsas prinsip önə çıxır: birincisi, mənfi məna daşıyan və ya şəxsi narahat edən adların dəyişdirilməsi zəruridir; ikincisi isə soyadların milliləşdirilməsi mümkündür, lakin kök hissə qorunmalıdır - yəni ailə və nəsil mənsubiyyətini ifadə edən əsas hissə qorunmalıdır. Çünki bu kök söz atanın, babanın, ulu babanın adını daşıyır və bir ailənin tarixini özündə ehtiva edir. Onu tamamilə dəyişdirməsələr yaxşıdır, amma şəkilçini dəyişmək olar, bu heç kəsə mane olmur. Bu cür yanaşma milli kimliyin qorunmasına xidmət edir.

Sevindirici haldır ki, 5-6 il öncə biabırçı adların uşaqlara verilməsinə qarşı müəyyən məhdudiyyətlər tətbiq olunub. Bu, müsbət addımdır və zamanla bu sahədəki problemlərin azalmasına səbəb olacaq. Lakin əvvəllər verilmiş belə adlar hələ də mövcuddur və onların sahibləri bu adları dəyişdirmək istədikdə, bu da başadüşülən və qəbulolunan bir haldır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »