Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nurlan Libre aclıq aksiyasına başladığını bildirir
Nurlan Libre aclıq aksiyasına başladığını bildirir

Meydan TV və Bakı Jurnalistika Məktəbi ilə bağlı cinayət işi üzrə həbsdə olan 12 nəfərin məhkəməsi yanvarın 16-da davam etdirilib.

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib.

İttiham aktının elanı ötən məhkəmə iclasından başlayıb. Lakin sənədin həcmi böyük olduğuna görə onun elanını bir iclasda başa çatdırmaq mümkün olmayıb. Ona görə də budəfəki məhkəmə prosesində prokuror ittiham aktını oxumaqda davam edib.

İttihama əsasən, Meydan TV işi üzrə həbs olunan jurnalistlərin evlərində və üzərlərində axtarış zamanı bir qismi avro, bir qismi funt, bir qismi milli valyuta olmaqla, ümumilikdə cəmi 173 min manat aşkar edilib.

Prokuror ittiham aktının təqsirləndirilən şəxslərdən Meydan TV-nin redaktoru Aynur Qəmbərova (Elgünəş) və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov haqqında olan hissəsini elan edib.

Təqsirləndirilən şəxslər və vəkillərinin istəyilə qərara alınıb ki, digərləri haqqında hissəni elan etməyə ehtiyac yoxdur: “İttiham aktı hamımızda var, hamımız orada yazılanları oxumuşuq. Vaxt itkisinə yol verməyək”.

Məhkəmə qərar qəbul edib ki, ittiham aktının digər hissəsi elan olunmasın.

Təqsirləndirilən şəxslərdən jurnalist Nurlan Qəhrəmanlı (Libre) bildirib ki, yanvarın 16-dan aclıq aksiyasına başlayıb. Onun sözlərinə görə, ötən məhkəmə iclasından sonra özünə xəsarət yetirdiyinə görə təzyiqlərə məruz qalıb.

Meydan TV və Bakı Jurnalistika Məktəbi ilə bağlı məhkəmə prosesi yanvarın 30-na qədər təxirə salınıb.

Qeyd edək ki, Meydan TV və Bakı Jurnalistika Məktəbi ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlər arasında Aynur Elgünəş, Şəmşad Ağa, Natiq Cavadlı, fotojurnalist Əhməd Muxtar və digərləri var. Onlara qarşı 192.3.2 (qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması, xeyli miqdarda törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və s. maddələri ilə ittihamlar irəli sürülüb. Jurnalistlər xaricdən qaçaqmal yolu ilə valyuta gətirməkdə ittiham olunurlar. Lakin onlar ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »