Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Söyüş məzmunlu sözə görə "ARB" kanalına cəza verən Audiovizual Şura: “Qanunları pozanlar inzibati tənbeh ediləcək”
Söyüş məzmunlu sözə görə "ARB" kanalına cəza verən Audiovizual Şura: “Qanunları pozanlar inzibati tənbeh ediləcək”

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda "ARB" kanalının efirində "Media haqqında" Qanunun pozulması faktı müzakirə olunmuşdur. Belə ki, 10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə etmiş və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmamışdır. Beləliklə, "Media haqqında" Qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş vermiş və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırlması barədə qərar qəbul etmişlər.

  • Serialda bircə söyüşə görə 3 saatlıq cəza verirsiniz. Bəs ailə dəyərlərini məhv edən xəyanət temalı fiziki və mənəvi şiddət səhnələriylə dolu digər seriallara və onları yayımlayan kanallara cəza verməklə bağlı nə düşünürsünüz?

Yaranan suala cavab tapmaq üçün Azərbaycan Respublikası Audiovizual Şurasına sorğu ünvanladıq. Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Audivizual Şuranın Mətbuat katibi Taleh Quliyev bildirib ki, Audiovizual Şura hər hansı sanksiya tətbiq edəndə mütləq surətdə qanunvericiliyin pozulması halına əsaslanır.

Taleh Quliyev Taleh Quliyev

“Qeyd etdiyiniz seriallarda qanunların pozulması halı monitorinqlər nəticəsində aşkarlanarsa, müvafiq inzibati tənbeh həmin kanallara da tətbiq oluna bilər. Yox, əgər siz özünüz elə bir halı görmüsünüzsə və iddia edirsizsə burada qanunvericiliyin tələbi pozulub, o zaman rəsmi həmin faktı bizə bildirsin. Biz şikayət əsasında monitorinq təyin edək, pozuntu öz təsdiqini taparsa, zəruri tədbirlər görüləcək”-deyə Audivizual Şuranın Mətbuat katibi Taleh Quliyev qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »