Qızlar evin sevinc mənbəyidir – ailəyə xoşbəxtlik və məna gətirən gözəl varlıqlardır. Qadın isə cəmiyyətin görünməyən sütunudur. Gələcəyin həkimi, müəllimi, hüquqşünası, idmançısı, alimi və ən əsası, övladlarını sağlam düşüncə ilə böyüdən anadır.
Bəzən cəmiyyətdə kişilərin qadınlara qarşı münasibəti və ailə içində məsuliyyətsiz davranışları ilə bağlı narazılıqlar eşidirik. Bu zaman çoxları səbəbkar kimi ananı günahlandırır: “Vaxtında düzgün tərbiyə verməyib”. Bəli, uşağın formalaşmasında ananın rolu danılmazdır. Amma bu yük yalnız ananın üzərinə qoyulmamalıdır. Oğlan uşağı üçün ata bir modeldir. Onun davranışı, ailəyə münasibəti, qadına olan hörməti övlad üçün nümunəyə çevrilir.
Sosial şəbəkələrdə tez-tez belə paylaşımlar görürük: kişi ev işlərində həyat yoldaşına kömək edir, onun qayğısına qalır (bu davranış nümunəsi bir çox millətlərdə var) və buna görə insanlar bir ağızdan deyir: “Səni kraliça böyüdüb.” Bu, əslində qadına göstərilən hörmətin, onu bərabərhüquqlu partnyor kimi görməyin nümunəsidir. Və bu yanaşma kişini alçaltmır - əksinə, onu ucaldır.
Cəmiyyətin gözündə qızlar hələ də “namus yükü”, “axırda birinə ərə gedəcək” və s. kimi ağır yüklərin daşıyıcısıdır. Qızlar bu gün də istədikləri peşəni seçmək, öz qərarlarını vermək üçün mübarizə aparırlar. Təəssüf ki, bir çox qız hələ də uşaq yaşda ailə qurmağa məcbur edilir, təhsildən uzaq salınır, seçim haqqı əlindən alınır. Halbuki təhsilli, məlumatlı və azad düşüncəyə sahib qızlar gələcəyin sağlam cəmiyyətinin qurucularıdır. Maariflənmə məhz burdan başlayır - qız uşaqlarını qorumaq yox, onları gücləndirmək. Onlara sadəcə təhsil verməklə deyil, öz fikrini ifadə etməyə, seçim etməyə, qərar verməyə təşviq etmək...
Əgər bu gün qızlarımızın qarşısına çıxan maneələri aradan qaldıra bilsək - təhsildə, sağlamlıqda, hüquqda və sosial imkanlarda - gələcəyi daha ədalətli, inkişaf etmiş cəmiyyət qurmuş olarıq. Məsələn; ailədə qız və oğlan övladına eyni dəyəri vermək, qız uşaqlarına seçmək və səhv etmək haqqını tanımaq, onların fikirlərinə hörmətlə yanaşmaq bir başlanğıcdır.
Məktəblərdə gender bərabərliyinə dair müzakirələr aparmaq, qızların rol modelləri ilə tanış olması üçün platformalar yaratmaq da bu yolda vacib addımlardır.
Bir qız uşağının həyatı dəyişərsə, bir ailə dəyişər. Bir ailə dəyişərsə, bir cəmiyyət dəyişər. Cəmiyyət dəyişərsə, gələcək dəyişər.
Günel Həsənova, Bizimyol.info






