Son günlər məktəblilər arasında “snus” adlı saqqızabənzər, tütün tərkibli məhsulun yayılması ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə və valideyn qruplarında müzakirə olunan bu məsələ cəmiyyətdə ciddi suallar doğurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov açıqlamasında bildirib ki, “snus” adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə bağlı hazırda araşdırmalar aparılır. Onun sözlərinə görə, bu məhsulun narkotik və ya psixotrop maddə kimi qiymətləndirilməsi üçün hələlik ixtisaslaşmış ekspert rəyi mövcud deyil.
Bununla belə, DİN rəsmisi vurğulayıb ki, tərkibində nikotin olan məhsulların və tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışı qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən polis orqanları tərəfindən ticarət obyektlərində, eləcə də məktəblər və onların ətrafında profilaktik və nəzarət tədbirləri davam etdirilir.
Mütəxəssislər bildirirlər ki, “snus” saqqız kimi təqdim edilsə də, tərkibindəki yüksək nikotin miqdarı uşaqlar və yeniyetmələr üçün ciddi risk yaradır. Bu cür məhsullar sürətli asılılıq yarada, ürək-damar sistemi və sinir sisteminə mənfi təsir göstərə bilər. Ən təhlükəli məqam isə məhsulun “zərərsiz” və “saqqız” adı altında gizlədilərək uşaqlara təqdim olunmasıdır.
Qeyd edək ki, bu, məktəblilər arasında yayılan ilk zərərli vərdişlə bağlı narahatlıq deyil. Bundan əvvəl də elektron siqaretlər, müxtəlif “enerji saqqızları” və hətta tərkibi naməlum konfetlər ətrafında oxşar müzakirələr yayılmışdı. Hər dəfə yeni ad, yeni qablaşdırma ilə təqdim olunan bu məhsullar mahiyyət etibarilə eyni təhlükəni daşıyır. Azyaşlıları erkən yaşda zərərli vərdişlərə cəlb etmək.
Valideynlər və müəllimlər hesab edirlər ki, problemin yalnız hüquqi və nəzarət tərəfi deyil, maarifləndirmə aspekti də gücləndirilməlidir. Uşaqlara bu məhsulların real fəsadları izah edilməli, məktəblərdə psixoloqların və mütəxəssislərin iştirakı ilə mütəmadi söhbətlər aparılmalıdır.
Ekspertlərin fikrincə, “snus” ətrafında yaranan bu narahatlıq bir daha göstərir ki, məktəblilər zərərli vərdişlər baxımından daim risk altındadır. Bu riskin qarşısının alınması isə yalnız polis nəzarəti ilə deyil, ailə, məktəb və cəmiyyətin birgə məsuliyyəti ilə mümkündür.
Leyla Mirzə, Bizimyol.info






