İranda hər il təxminən 50 min nəfər hava çirklənməsi səbəbindən həyatını itirir.
Bizimyol.info xəbər verir ki, bu barədə səhiyyə naziri Məhəmməd Rza Zaferqəndi universitet rektorları ilə görüşü zamanı məlumat verib.
Nazir bildirib ki, ölkədə səhiyyə sahəsindəki problemlərin əksəriyyəti iqtisadi və sosial amillərlə bağlıdır.
“Belə problemlərdən biri hava çirklənməsidir. Hər il hava çirklənməsi səbəbindən 50 min insanın ölümünə şahid oluruq”, — deyə o qeyd edib.
Onun sözlərinə görə, hava çirklənməsi ilə əlaqəli xəstəliklər səbəbindən xəstəxanalara müraciətlərin sayı iki dəfə artıb. Zaferqəndi universitetləri bu problemlərin həllinə daha fəal qoşulmağa çağırıb.
“Həkimlik elminin inkişafına nail olmaq istəyiriksə, mütəxəssislər universitetləri dəstəkləməlidirlər. Səhiyyə sahəsində ciddi maliyyə imkanları mövcuddur”, — deyə nazir bildirib.
İranda hava çirklənməsinin əsas səbəbləri aşağı keyfiyyətli benzin, köhnə avtomobillər və motosikletlər, eləcə də köhnə elektrik stansiyalarından istifadədir. "Euro-5" standartlı benzinin tətbiqinə, hibrid mühərriklərin istehsalına və elektrik motosikletlərinin yayılmasına baxmayaraq, vəziyyət hələ də kritik olaraq qalır.
Qadir, Bizimyol.info






