İrandan gətirilən portağallarla Azərbaycan xalqını zəhərləyirmişlər. İran Bərfuruşanlar İttifaqının sədri Əkbər Yavərinin etirafına görə, su qıtlığı səbəbilə yetişməyən portağalların içinə kimyəvi boya və su vurularaq ixrac edilib. İran Bərfuruşanlar İttifaqının sədri Əkbər Yavəri etiraf edib ki, içərisinə kimyəvi rəng və su vurulan yetişməmiş portağallar Azərbaycana göndərilib. Hətta boyanın zəhərli olduğunu da açıqlayıb.
- İrandan gətirilən portağalların tərkibində insan sağlamlığına zərərli maddələrin olması ilə bağlı narahatlıq var. Bu məhsulların təhlükəsizliyi necə yoxlanılır və istehlakçılar nəyə diqqət etməlidir?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına qida eksperti Fərid Səfərov qeyd edib ki, idxal zamanı fitosanitariya sertifikatı, idxalçının sənədləri və məhsulun mənşəyi yoxlanılır: “Son vaxtlar həm sosial mediada, həm də rəsmi xəbər mənbələrində İrandan gələn portağallar barədə narahatlıqlar görünüb. İdxal zamanı məhsulla birlikdə göndərilən fitosanitariya sertifikatı, idxalçının sənədləri və məhsulun mənşəyi yoxlanılır. Risk varsa AQTA (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) əlavə nəzarət tələbləri qoya bilər. Pestisid və kimyəvi maddələrin aşkarlanmasında yüksək dəqiqlikli alətlərdən istifadə olunur, mikrobioloji analizlər üçün isə Azərbaycanda milli laboratoriya şəbəkəsi və referans laboratoriyalar var.
Rəsmi xəbərlərdə İrandan gətirilən portağallarda zərərli orqanizm və saxta sertifikat şübhələri ilə bağlı partiyaların məhv edilməsi haqda xəbər yayıldı. Bu tip hallar AQTA tərəfindən yoxlanılır və ictimaiyyətə açıqlanır”.
Fərid SəfərovFərid Səfərov istehlakçının məhsul alarkən bir çox qaydalara riayət etmələrini bildirib:
- Satıcının, markanın etibarlılığına diqqət edin. Mağaza və ya topdansatışçı rəsmi qeydiyyatdan keçmişdirsə, məhsula etibar daha yüksək olur (AQTA-nın təsdiq reyestrlərini yoxlamaq olar).
- Etiket və mənşə yerinə baxın. Məhsulun üzərində mənşə ölkə, idxalçı və partiya nömrəsi varsa, bu məlumatlar rəsmi nəzarət üçün vacibdir.
- Görünüş və qoxuya baxın - zədələnmiş, şübhəli meyvəni almayın. Çürük, ləkəli və ya qəribə qoxulu meyvədə mikrobioloji çatışmazlıq və ya saxtalaşdırma əlaməti ola bilər.
- Yuma, fırçalama, soyma- adi üsulla yuyub sürtmək bəzi səth qalıqlarını azalda bilir, amma yeni tədqiqatlar göstərir ki, bəzi pestisidlər qabığın altına keçə və ya qabığın içində qala bilər; qabığı soymaq daha çox qalıqları azaldır.
- Mümkün olduqda mövsümi və yerli məhsul alın. Yerli məhsulun mənşəyi və idarəetməsi daha asan yoxlanılır; eyni zamanda idxal partiyalarından yaranan birdəfəlik risklərdən yayınmaq olar.
- Orqanik sertifikatlı variantlar seçmək pestisid istifadəsini məhdudlaşdırır, amma “orqanik” yazısı olan hər məhsulun da sertifikatını soruşmaq faydalıdır.
- Xəbər və xəbərdarlıqlara diqqət edin. AQTA rəsmi veb və sosial media səhifələrində risk barədə məlumatlar paylaşıla bilər - şübhəli hallarda oraya baxın və lazım gəlsə satıcıyla əlaqə saxlayın.
- Şübhəli məhsul aşkar edərkən bildirin. Satış yeri, partiya nömrəsi, şəkil və mümkün olduqda alış sənədi ilə AQTA-ya müraciət edin - onlar yoxlama apara bilərlər.
Qida eksperti qeyd edib ki, əgər xüsusi kimyəvi maddələr barədə narahatlıq varsa, yerli, orqanik almaq daha təhlükəsiz seçimdir: “Pestisid növlərinə görə risk fərqlidir. Əgər siz və ya ailə üzvləriniz (xüsusilə hamiləlikdə, uşaq və ya xroniki xəstə olanlar) kimyəvi qalıqlardan narahatsınızsa, mənşəyi bilinməyən idxal məhsullarını məhdudlaşdırmaq, qabığını soymaq və ya yerli, orqanik almaq daha təhlükəsiz seçimdir”.
Sağlam qidalarla sağlıqlı ömür yaşayın!
Günel Həsənova, Bizimyol.info






