2026-cı ilin yanvarından Gürcüstanda birdəfəlik plastik qablar, çəngəl, qaşıq, bıçaq və köpük polistiroldan hazırlanmış stəkanların istehsalı, idxalı və istifadəsi tam qadağan ediləcək. Bu qərar həm satış, həm də ictimai iaşə obyektlərini əhatə edir. Əsas məqsəd: ətraf mühitin çirklənməsinin qarşısını almaq, Avropa İttifaqı standartlarına uyğunlaşmaq və ekoloji məsuliyyəti artırmaqdır. Bu dəyişiklik qida qablaşdırma sahəsində alternativ – çoxistifadəli və ekoloji təmiz məhsulların yayılmasına təkan verəcək. Gürcüstanın bu addımı Cənubi Qafqazda nümunəvi bir qərar kimi dəyərləndirilir. Azərbaycanda da plastik tullantılarla bağlı problemlər olduğundan bu modelin öyrənilməsi və müzakirəyə çıxarılması aktualdır. Eyni zamanda Gürcüstana məhsul ixrac edən Azərbaycan şirkətləri də yeni tələblərə uyğunlaşmalı olacaq.
- Azərbaycanda bu cür qadağaların tətbiqi nə qədər realdır?
- Bu qadağa ətraf mühitə hansı müsbət təsirləri göstərə bilər?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında ekoloq Sadiq Həsənov bildirib ki, plastik tərkibli materiallar dənizlərə, çaylara və okeanlara atılaraq problemlər yaradır.
Sadiq Həsənov“Bu plastik qablar, birdəfəlik qablar, plastik torbalar, təkcə Azərbaycanı yox, bütün dünyanı narahat edən ən böyük problemlərdən biridir. Çünki plastik tərkibli materiallar uzun müddət təbiətdə kimyəvi çevrilməyə məruz qalmır və uzun müddət dayana bilmir, bu isə torpaq və günəşin arasında olan əlaqəni pozur, dənizlərə, çaylara və okeanlara atılaraq problemlər yaradır. Bəzən onları balıqlar yeyir. Bu qablar bir yerdə toplanaraq ümumiyyətlə, biosfer üçün təbiət üçün, dəniz üçün, çay üçün, torpaq üçün çox böyük problemlər yarada bilir. Bunları aradan qaldırmaq üçün bir çox ölkələr zaman-zaman plastik torbalardan digər torbalara keçid ediblər. Məsələn, Fransa hökuməti 2016-cı ildə qərar verdi - birdəfəlik qabları yığışdırdı və plastik torbaları pullu etdi. Eləcə də İngiltərə ondan 1-2 il əvvəl bu qərarı verdi - plastik torbaları və birdəfəlik qabların yığışdırılmasını təmin etdi. Hal-hazırda Avropanın bir sıra ölkələrində insanlar o torbalarla dükanlara, marketlərə bazarlığa gedirlər. Satışda o torbalar çox bahadır və sayları məhdudlaşdırılıb.
Qeyd edim ki, Azərbaycanda 2019-cu ildə ölkə prezidentinin sərəncamı ilə plastik qabların normallaşdırılması üçün tədbirlər planı təsdiq olunmuşdur. 2021-2025ci illər arasında onların aradan qaldırılması müəyyən olunmuşdur və 2021 - ci ilin yanvar ayında Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 15 mikrona qədər ölçüsü olan plastik torbaların istehsalı, idxalı və satışı qadağan edilmişdir. Həmin ilin iyul ayının 1-dən birdəfəlik qablar, plastik stəkanlar, qaşıqlar, birdəfəlik qablar tamamilə qadağan edilmişdir. Hazırda bizim marketlərdə həmin birdəfəlik qabları 15 mikrondan aşağı hissələrini çox az görə bilərsiniz. Yəni bunlar kifayət qədər azalıbdır. Lakin sonrakı addımlar Azərbaycanda gecikdi. Bütün bu torbaların əvəzlənməsi üçün əvvəlcədən müəyyən addımlar atılmalı idi. Əvəzləyici alternativlər və keçid yolları müəyyənləşdirilməliydi. Təəssüf ki, istehsalçılardan da ciddi təzyiqlər oldu. Ölkə üzrə təxminən 20-22 min ton plastik qab istehsal edilir və bu sahədə çoxsaylı kommersiya obyektləri fəaliyyət göstərir. Onların zərər görməməsi üçün müəyyən güzəştlər edildi. Hazırda bu qablar marketlərdə satılır, amma meyvə və digər satış yerlərində isə insanlara pulsuz verilir. Bu isə ətraf mühit üçün ciddi zərərli təsir yaradır.
Düşünürəm ki, artıq plastik qabların tam qadağan olunması və ya daha dayanıqlı, qalın materiallardan hazırlanmış alternativlərlə əvəzlənməsi zamanı çatıb. Xüsusilə su qabları üçün bu, vacibdir. Bəzi təkliflər var, lakin birdəfəlik qablaşdırmanın tamamilə qadağan olunması çətin ola bilər. Amma ən azı, bu qabların geri alınması sistemi qurulmalıdır.
Məsələn, Gürcüstanın bu sahədə atdığı addım irəliyə doğru ciddi addımdır. Azərbaycanda da artıq bu qabların alışını təmin etmək lazımdır. Kommersiya şirkətləri - Coca-Cola, Sirab kimi - bu qabların geri alınmasını təmin etsələr, qısa müddətdə bu qabların yığılması və təkrar istifadəsi üçün maraq artar. Təəssüf ki, hələlik bu istiqamətdə yaxın vaxtlarda ciddi addımlar gözlənilmir, çünki kommersiya təşkilatlarına çox böyük təzyiqlər var”,-deyə Sadiq Həsənov qeyd edib.
Günel Həsənova, Bizimyol.info






