Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlar və allergiya - Niyə bugünün nəfəsi daha çətin alınır?
Uşaqlar və allergiya - Niyə bugünün nəfəsi daha çətin alınır?

Son illər valideynlərin ən çox eşitdiyi sözlərdən biri budur: “Allergiyası var.” Sanki nəslimiz dəyişib, hava dəyişib, dünya dəyişib və bütün bunların ortasında uşaqlar daha həssas, daha kövrək doğulmağa başlayıb. Bir vaxtlar küçədə saatlarla oynayan, tozun içində top qovan uşaqlar indi çiçək tozundan asqırır, süd içəndə səpkilər yaranır, pişik görəndə gözləri sulanır.

Məsələ yalnız tibbi deyil, həm də sosial və həyatı anlamaq məsələsidir. Müasir həyat tərzi uşaqların immun sisteminə bir az artıq “səliqə” göstərməyə başlayıb. Evdə hər şey çox təmiz, küçə isə çox kirli… Uşaq ya həddindən artıq steril mühitdə böyüyür, ya da tam əksinə çirklənmiş havanın, qeyri-təbii qidaların içində. İkisinin arasında itən isə yenə uşağın bədəni olur.

Valideynlərin narahatlığını başa düşmək çətin deyil. Əvvəllər “süd allergiyası” demək olar ki, eşidilməzdi. İndi isə məktəbəqədər qrupda 10 uşaqdan ikisi ya qida allergiyası, ya toz gənəsinə həssaslıq, ya da mövsümi rinitlə mübarizə aparır. Bəlkə də müasir dövrün paradoksu elə budur. İnkişaf etdikcə müəyyən həssaslıqlarımız artır.

Deyirlər ki, allergiyanın bu qədər çoxalması həyat tərzimizin nəticəsidir. Hazır qidalar, konservantlar, plastik qablaşdırmalar, az hərəkət, qapalı mühit… Amma eyni zamanda şəhərlərin gərgin ritmi, tıxac havası, stressli ailə atmosferi də uşağın immun sisteminə öz naxışını vurur. Bu gün uşaqlar yalnız toza yox, həyatda qarşılaşdıqları görünməyən gərginliklərə də reaksiya verir.

Daha maraqlısı budur ki, allergiyası olan uşaqlar çox vaxt həm də çox ağıllı, çox müşahidəçi, çox duyarlı olurlar. Sanki bədənləri kimi ruhları da daha incə bir nizamla işləyir.

Həkimlər deyir ki, uşaqlar böyüdükcə bir çox allergiya forması zəifləyir, bəziləri isə tamamilə yox olur. Bu, həm bədənin, həm həyatın normal axışının bir hissəsidir. Ən önəmlisi, uşağın allergiya ilə deyil, sağlamlığın içində böyüməsi üçün ona sevgi dolu, sabit və rahat mühit yaratmaqdır.

Uşaqlar həssasdır, bəli. Amma onların bu həssaslığı həyatın ritmini daha yaxşı hiss etməklərinə də şərait yaradır. Onlar təkcə mikroskopik toza reaksiya vermir, həm də dünyaya daha incə baxa bilirlər.

Bəlkə də indiki uşaqların allergiyası çoxdur, amma duyarlılığı da çoxdur. Bu duyarlılıqla böyüyən bir nəsil isə gələcəyi bir az daha anlayışlı, bir az daha diqqətli qura bilər.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »