Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alış-veriş asılılığı... Mənəvi boşluğu maddi vasitələrlə doldurmaq emosional "aclıq" hissini müvəqqəti basdırır
Alış-veriş asılılığı... Mənəvi boşluğu maddi vasitələrlə doldurmaq emosional "aclıq" hissini müvəqqəti basdırır

Bəzi insanlar üçün alış-veriş özünə dəyər hissini artırmaq üçün bir vasitədir. Alış-veriş yalnız insanların ehtiyaclarının qarşılanması vasitəsi deyil, eyni zamanda emosional bir davranış hesab olunur. Bir çox insan yorucu günün sonunda, stressli bir vəziyyətdən sonra, yaxud sadəcə özünü mükafatlandırmaq üçün alış-veriş edir.

Yeni bir geyim, bir cüt ayaqqabı, çanta və ya kiçik bir əşyanın alınması zamanı beyində dopamin ifraz olunur və bu da insana müvəqqəti xoşbəxtlik hissi verir. Bu səbəbdən də alış-veriş etmək insana özünü yaxşı hiss etdirir. Digər tərəfdən, bəzi insanlar üçün alış-veriş özünə dəyər hissini artırmaq üçün bir vasitədir. “Mən buna layiqəm”, “bir az özümü sevindirim” kimi düşüncələrlə edilən alış-veriş, daxili boşluğu doldurmaq cəhdi də ola bilər. Xüsusilə stress, depressiya və ya özünü yalnız hiss edən insanlar alış-verişi emosional bir çıxış yolu kimi görürlər. Bəli, biz həyatımızda bu hadisələrin tez-tez şahid oluruq. Lakin bu davranış zamanla alış-veriş asılılığına çevrilə bilər. Maddi çətinliklərə səbəb olmaqla yanaşı, alınan əşyaların verdiyi qısa müddətli xoşbəxtlik uzunmüddətli məyusluqla əvəz oluna bilər. Buna görə də, insanlar alış-veriş etməzdən əvvəl ehtiyacla emosional ehtiyac arasında fərqi ayırd etməyi bilməlidirlər. Həmçinin, ac olduqda alış-veriş etmək ehtiyacımız olan və olmayan nə varsa almağımıza səbəb ola bilər. Bu da bizi sonradan məyus edə bilər. Ehtiyacımız olanları öncədən bir kağıza qeyd etməklə həm vaxt qazanmış oluruq, həm də cibə də qənaət etmiş oluruq. Yəni ehtiyac olan alınır. İsraf edilmir. Bu da getdikcə vərdişə də çevrilə bilər.

İnsanın alış-verişi sevməsi əslində təbii hiss sayıla bilər. Ancaq bu davranış daxili boşluqları ört-basdır etmək üçün istifadə olunmamalıdır. Əks halda, bu maddi və psixoloji çətinliklərə yol aça bilər.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »