SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft məhsulunun Ermənistana tədarükü gerçəkləşib. “APA-Economics”in məlumatına görə, 22 vaqonda 1 220 ton Aİ-95 markalı avtomobil benzini yüklənərək Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisi ilə Ermənistana çatdırılacaq. Məlumata əsasən, bu tədarük 28 noyabrda Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan arasında baş tutan görüşdə əldə edilən razılaşmaya əsasən həyata keçirilib. İxrac sırf kommersiya xarakterlidir və neft məhsulları beynəlxalq bazar qiymətləri ilə satılır.
Qeyd edək ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi dekabrın 5-də tərəfdaşlardan yanacağın Gürcüstan ərazisindən tranziti üçün müraciət aldığını və Baş nazirin göstərişi ilə bu yükün dəmiryolu ilə tamamilə pulsuz daşındığını açıqlayıb.
- SOCAR-ın Ermənistana benzin ixrac etməsi hansı iqtisadi və ya strateji məqsədlərə xidmət edir?
- Bu addımın regiondakı siyasi münasibətlərə və Azərbaycanın enerji siyasətinə təsirləri nə ola bilər?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı Rəşad Həsənov bildirib ki, əgər emal və hasilat sənayesi məhsul istehsal edə bilirsə, dünya bazarında kifayət qədər tələb vardır: “Söhbət neft məhsullarından, neftin ixracından gedirsə, Azərbaycanın bu istiqamətdə hər hansı bir problemi yoxdur. Bu istiqamətdə problem sadəcə emal və hasilatdır. Əgər emal və hasilat sənayesi məhsul istehsal edə bilirsə, dünya bazarında kifayət qədər tələb vardır və Azərbaycan bunu sata bilir. Burda bu mövzu bir neçə aspektləri baxımından düşünürəm ki, əhəmiyyətlidir:
Birincisi, Orta uzunmüddətli dövrdə təbii ki, sülh münasibətlərinin dərinləşməsi üçün qarşılıqlı şəkildə müxtəlif jestlər, müxtəlif addımlar atılmalıdır. Azərbaycan ənənəvi olaraq bu istiqamətdə öz enerji resursları ilə çıxış edir. Bu da əslində gözlənilən idi. Böyük ehtimalla gələcəkdə də Azərbaycanın Ermənistanla iqtisadi ticarət münasibətləri Azərbaycan aspektindən daha çox enerji sahəsində olacaqdır. Çünki Azərbaycan başqa məhsulların ixracı sahəsində, qeyri-neft məhsullarnın ixracı sahəsində potensialı zəifdir. Məhz ilk siqnal da burdan gəlir. Bu iki ölkə arasında uzunmüddətli dövrdə sabitliyin və sülhün təmin edilməsi baxımından müsbət qiymətləndirilə bilər.
İkincisi, Ermənistan enerji daşıyıcıları baxımından xüsusi ilə də nefti və qaz sahəsində idxaldan əhəmiyyətli səviyyədə asılıdır və bu sahədə İran, Rusiya əsas təchizatçılardır. Azərbaycan bu konteksdə Ermənistan bazarına daxil olursa, gələcəkdə Ermənistanın Rusiya və İranın təsirlərindən qismən azad olması üçün əlverişli imkanlar formaşa bilər, bu da Ermənistanın daha müstəqil siyasət həyata keçirməsinə, o cümlədən Azərbaycanla münasibətlərini daha rasional məcrada davam etdirməsinə imkan yarada bilər. Təbii ki, bunlar gözləntilərdir və eyni zamanda pozitiv istiqamətli ehtimallardır, çünki Ermənistanla Azərbaycanın münasinbətləri kifayət qədər mürəkkəb enişli yoxuşludur. Bunu yalnız bir aspektdən dəyərləndirmək çox mürəkkəbdir, amma ən azından düşünürəm ki, müvafiq istiqamətdə əməkdaşlıq Ermənistanın enerji daşıyıcılarının təminatı aspektindən asılılığını azaltmaqla Rusiya, İran kimi xüsusi ilə regionda destruktiv münasibətlərin formalaşmasında maraqlı olan ölkələrdən asılılığını azlatmaqla onun müstəqil siyasət həyata keçirməsi üçün əlverişli şərait yarada bilər. Əlbəttə ki, artıq bundan sonrakı nəticələr daha çox həmin dövrlər üzrə Ermənistanda hakimiyyətdə olan qüvvələrin maraqlarını da əhatə edəcəkdir, əgər bu qüvvələr həqiqətən də konstruktiv məqsədlərlə bunu istifadə etmək istəyirlərsə, yəni buna şərait yarana bilir”.
Rəşad HəsənovRəşad Həsənov vurğulayıb ki, Azərbaycan gələcəkdə öz ixrac potensialını artırarsa, təbii ki, Ermənistan bazarı bu baxımdan cəlbedici görünə bilər: “Eyni zamanda Azərbaycan enerji sahəsində genişmiqyaslı investisiyalar həyata keçirir. Bu investisiyalar həm elektrik enerjisi, həm alternativ və bərpa olunan enerji sahələrini, həm də neft məhsullarının emalını əhatə edir. Gələcəkdə Ermənistan da bu istiqamətdə bazara çevrilə bilər. Çünki bu həmçinin əlverişli bazara çevrilə bilər. Aydındır ki, xarici ticarətdə ən avantajlı münasibətlər sərhəd ölkələrlə, qonşu ölkələrlə həm logistika, həm, eyni zamanda transport xərclərinin əlverişliliyi daha sərfəli iqtisadi-ticarət münasibətlərin formalaşmasına şərait yaradır.
Əgər Azərbaycan gələcəkdə müvafiq istiqamətdə öz ixrac potensialını artırarsa, təbii ki, Ermənistan bazarı bu baxımdan cəlbedici görünə bilər. Eyni zamanda bu addım siyasi və ictimai münasibətlərin normallaşmasına şərait yaradaraq regionda dayanıqlı sülh və əməkdaşlığın formalaşmasına töhfə verə bilər. Bu, orta və uzunmüddətli dövrdə hər iki ölkənin hərbi məqsədlərə daha az vəsait ayırmasına, əvəzində sosial rifahın artırılmasına daha çox resurs yönəltməsinə imkan yarada bilər. Düşünürəm ki, bu, ilkin qığılcımlar və siqnallardır.
Ümid edirəm ki, davamlı olar. Təbii ki, Azərbaycan cəmiyyətinin bu məsələlərlə bağlı müəyyən narahatlıqları vardır. Daha ehtiyatlı yanaşırdılar. Bu da başa düşüləndir, çünki tarixən Azərbaycan cəmiyyəti müxtəlif formada, qonşu Ermənistan, yaxud onun havadarları sayıla bilən ölkələr tərəfindən sabotajlarla üzləşibdir, amma istənilən halda uzunmüddətli strategiyaya daha çox Azərbaycanın sülh və sabitlik istiqamətində marağını önə çıxarır və bu da öz növbəsində müəyyən addımların atılması zərurəti formalaşdırır”.
Günel Həsənova, Bizimyol.info






