Avstraliyanın paytaxtı Kanberrada məktəblərdə istifadə olunan rəngli oyun qumlarında "tremolit" adlı asbest növü aşkarlanıb. Avstraliya Rəqabət və İstehlakçı Komissiyasının apardığı laboratoriya testləri nəticəsində təhlükəli maddənin varlığı təsdiqlənib. Nəticədə ilkin olaraq 24 məktəb, 6 uşaq bağçası, 70 dövlət məktəbi müvəqqəti bağlanıb. ACT hökuməti və Təhsil Nazirliyi təhlükənin az olmasın baxmayaraq, ehtiyat tədbiri olaraq bu addımı atıb. Təhsil naziri Yvette Berry bu sahədə ölkədə ən sərt qanunların olduğunu bildirib. Bu riskin kiçik olduğunu bilsə də, qanunlara uyğun olaraq təhlükəni minimuma endirməyə çalışdıqlarını bildirib.
- Azərbaycan məktəblərində istifadə olunan bu kimi zərərli materialların tərkibi ilə bağlı monitorinqlər aparılırmı?
- Uşaqların sağlamlığına risk yarada biləcək hallarının qarşısını almaq üçün hansı addımlar atılır?
- Şagirdlərin sağlamlığı ilə bağlı profilaktik tədbirlər görülürmü. Xüsusilə qrip, respirator infeksiyalarla bağlı erkən xəbərdarlıq və müdaxilə mövcuddur?
Yaranan suallara cavab tapmaq üçün Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib ki, toksikoloji-gigiyenik sahədə müvafiq tədbirlərin görülməsi üçün Elm və Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tapşırıqlar verilib: “Ölkəyə idxal olunan və ölkə ərazisində istehsal edilən bütün mal və materiallar Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən yoxlanılır və sertifikatlaşdırılır. Uşaqların sağlamlığına risk yarada biləcək halların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, həmçinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü və 17-ci maddələrinə əsasən, məktəbəqədər və ümumi təhsil müəssisələrində istifadə olunan məhsulların gigiyenik sertifikat və ya toksikoloji-gigiyenik rəylərinin mövcudluğunun araşdırılması, eləcə də bu sahədə müvafiq tədbirlərin görülməsi üçün Elm və Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tapşırıqlar verilib.
Uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə icbari dispanserizasiya müntəzəm qaydada həyata keçirilir. Pediatriya xidməti və sanitariya nəzarəti tərəfindən uşaq və yeniyetmələr arasında xəstəliklərin profilaktikası istiqamətində sistemli tədbirlər aparılır.
Hər il payız-qış mövsümünün başlanması ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən kəskin respirator xəstəliklərə qarşı əksepidemik tədbirlər görülür və qrip əleyhinə vaksinasiya kampaniyasına start verilir”.
Günel Həsənova, Bizimyol.info






