Bu gün Audiovizual Şuranın növbəti iclası keçirilib.
Bizimyol.info xəbər verir ki, iclasda 8 oktyabr 2025-ci il tarixində "Space TV" kanalında yayımlanan "Banu" proqramının bir buraxılışı müzakirə olunub. Həmin verilişdə yaxın qohumlar arasında baş tutmuş toy məclisinin nümayişi ilə bağlı məsələyə baxılıb.
Şura bildirib ki, ölkədə ailə institutunun möhkəmləndirilməsi istiqamətində mühüm hüquqi islahatlar həyata keçirilir. 1 iyul 2025-ci ildən qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən, Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə uyğun olaraq, qardaş və bacı nəvələrinin (yəni ümumi baba və ya nənəsi olan uşaqların) evlənməsi qadağandır.
Araşdırma zamanı məlum olub ki, sözügedən toy mərasimi qanun dəyişikliyindən əvvəl — 6 mart 2025-ci ildə baş tutub və rəsmi nikah da həmin tarixdə bağlanıb. Lakin toy görüntüləri bir neçə ay sonra, texniki səbəblərdən 8 oktyabrda efirə verilib.
İclasda proqramın yayımlanması redaksiya nəzarətinin zəifliyi kimi qiymətləndirilib və yeni qanunvericiliyin pozulması halları kontekstində narahatlıq doğurduğu qeyd olunub. Lakin "Space TV" tərəfindən sorğuya verilən cavabda texniki səhvin etiraf olunması və məsul şəxslə bağlı tədbir görülməsi nəzərə alınaraq, kanala sadəcə xəbərdarlıq edilməsinə qərar verilib.
Audiovizual Şura yayımçılardan qanunvericiliyə ciddi riayət olunmasını tələb edir və monitorinq tədbirlərinin davam etdiriləcəyini bəyan edir.
Bizimyol.info






