Bir zamanlar şəhər həyatı “rahatlıq, imkanlar və müasirlik” demək idi. İndi isə eyni şəhər bir çox insan üçün yorucu, səs-küylü və emosional olaraq tükəndirici məkana çevrilib. Gündən-günə artan stres, tıxac, səs, sosial təzyiq və tənhalıq bütün bunlar şəhər insanını görünməz bir gərginliyin içində saxlayır. Bəs bu stresin səbəbi nədir?
Şəhərdə ən çox stress yaradan amillərdən biri zaman itkisidir. Tıxacda keçən uzun dəqiqələr, işə və evə çatmaqda yaranan gecikmələr, səs və siqnallar beyinə davamlı təzyiq yaradır. Əslində, bu, yalnız əsəb deyil psixoloji yorğunluq və nəzarət itkisi hissidir.
İnsan beynində “vaxtı idarə edə bilməmək” duyğusu stres hormonlarının artmasına səbəb olur. Yəni tıxacda keçən hər dəqiqə bədən üçün kiçik bir stress şokudur.
Şəhərdə yaşamaq demək, daim “görünmək” və “yetərincə olmaq” təzyiqi altında yaşamaq deməkdir.
Sosial mediada başqalarının “ideal həyatı” ilə öz reallığımızı müqayisə etdikcə, özümüzü uğursuz hiss etmə riski artır. Bu, xüsusilə gənclər arasında daha çox müşahidə olunur: mükəmməl karyera, səliqəli mənzil, səyahətlər və zahiri xoşbəxtlik hamısı “bənzəməli olduğumuz” saxta model yaradır.
İnsan təbiətən səs, torpaq və günəşə bağlı varlıqdır. Lakin şəhər həyatı bu təbii əlaqəni kəsir. Beton binalar, sıx hava, səs-küylü küçələr və süni işıqlandırma bütün bunlar bədəni və zehni “doğal mühitdən” uzaqlaşdırır.
Psixoloqlar bildirir ki, hətta həftədə 2 saat təbiətdə vaxt keçirmək stress səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Amma şəhər insanının buna nə vaxtı, nə də imkanı qalır. Ən maraqlısı budur ki, şəhərlərdə milyonlarla insan yaşayır, amma insanlar bir-birinə daha uzaq olub. Müasir həyat tərzi “öz işim, öz dairəm” prinsipi ilə idarə olunur. Ünsiyyət formal xarakter daşıyır, dərin əlaqələr isə azalır. Bu da emosional tənha insanların sayını artırır.
Böyük şəhərlərdə tənha yaşayan, amma sosial mediada aktiv görünən insanların çoxluğu da məhz bu psixoloji disbalansdan qaynaqlanır.
Şəhər insanı təkcə işdə deyil, istirahətdə də tələsir. Hətta istirahət planları belə “proqramlaşdırılmış” olur: gəzinti, görüş, restoran, paylaşım… Nəticədə, bədən istirahət edir, amma beyin fasilə götürmür. Bu hal “xroniki stress” adlanır, yəni insan yorulduğunu hiss etmir, amma daxildən enerjisini itirir.
Şəhər həyatı bizə çox şey verir: imkanlar, karyera, rahatlıq. Amma eyni zamanda, emosional enerjimizi də tükəndirir. Stressdən tam qaçmaq mümkün olmasa da, onu idarə etmək həyat keyfiyyətimizi müəyyən edən əsas bacarıqdır. Hərdən şəhərin səsindən bir addım uzaqlaşmaq bəzən yüz terapiyadan daha faydalıdır.
Leyla Mirzə, Bizimyol.info






