İş yalnız maaş, karyera və ya peşəkar inkişaf demək deyil. İş yeri həm də insanın gününün böyük hissəsini keçirdiyi mühitdir. Bu mühit sağlam olduqda əməkdaş özünü dəyərli, faydalı və güvənli hiss edir. Amma təəssüf ki, bir çox hallarda iş yerlərində psixoloji atmosfer tamamilə fərqli mənzərə yaradır. Əməkdaşlar işdən qayıdarkən qazanclarından daha çox stress daşıyırlar.
Stressin səbəbləri nədir?
- Ədalətsiz münasibət: rəhbərliyin favoritizm göstərməsi, qohumbazlıq və ya qeyri-bərabər yanaşma əməkdaşlarda məyusluq yaradır.
- Artıq iş yükü: işçi öz vəzifəsindən kənar tapşırıqları da icra etməyə məcbur qalır, amma qarşılığında nə maddi, nə də mənəvi dəyər görür.
- Daxili intriqalar: iş mühiti əməkdaşlıq yeri olmaq əvəzinə, intriqaların və qeybətin meydanına çevriləndə, komanda ruhu sıradan çıxır.
- Dəyərləndirilməmək: əməkdaşın zəhməti görünməz qalır, təşəkkür və motivasiya sözləri iş yerində lüks hesab olunur.
- Psixoloji təzyiq: bəzən rəhbərlərin sərt və kobud üslubu, hətta mobbing halları işçinin özünəinamını sarsıdır.
Belə şəraitdə əməkdaş işini sevmir, sadəcə maaş xətrinə orada qalır. O, inkişaf etmir, yaradıcılığını itirir, yalnız səhv etməməyə fokuslanır. Bu da nə şirkət üçün faydalıdır, nə də insanın öz şəxsi həyatına müsbət təsir göstərir. Stress işdən evə daşınır, ailə mühitini də pozur.
İş yeri insanın ikinci evidir. Əgər bu “evdə” nəfəs almaq çətinləşirsə, heç bir maaş və ya heç bir titul o nəfəs çatışmazlığını əvəz edə bilməz. Sağlam psixoloji mühit isə həm əməkdaşın, həm də şirkətin uğurunun açarıdır.
Leyla Mirzə, Bizimyol.info






