“Azərbaycan universitetləri çox dəyişib. Təbii ki, bunu bütün universitetlərimizə də şamil edə bilmərik. Amma elə universitetlərimiz var ki, həm təhsilinin keyfiyyəti artıb, həm pedaqoji heyət xeyli yenilənib. Eyni zamanda, universitet infrastrukturunun inkişaf etdirilməsi istiqamətində yetərli olmasa da, müəyyən irəliləyişlər var. Həmçinin universitetlərdə tədqiqat mühitini gücləndirmək istiqamətində işlərə başlanılıb”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov açıqlamasında bildirib ki, universitetlərimizin fərqli reytinqlərdə yaxşı mövqe qazanması ölkə adına olan uğurdur.
İlqar Orucov“Hərçənd ki, dünya universitetləri də sürətlə irəliləyir, bu da orada rəqabət mühitini formalaşdırır. Rəqabət mühitində də uğur qazanmaq xeyli çətindir. Amma mən ayrı-ayrı universitetlərimizdə quruculuq naminə görülən işləri müşahidə edirəm və bu istiqamətdə görülən işləri yüksək dəyərləndirirəm. Görüləcək işlər də çoxdur. Görülən işlərlə müqayisədə, bizim görüləcək işlərimiz də hələ qabaqdadır. Azərbaycan universitetləri qalib ölkənin adına, intellektual səviyyəsi yüksək olan Azərbaycan xalqının adına layiq olmalıdır. Mən universitetlərimizin daha yaxşı mövqelər qazanmasını gözləyirəm. Hesab edirəm ki, ardıcıl və davamlı işlər görülməlidir.
Universitetlər əmək bazarı ilə mütləq şəkildə uzlaşmalıdır. Biz fərqli ölkələrdə fərqli universitetlər görürük. Böyük Britaniya universitetləri deyəndə artıq burada fərq etmir ki, hansı universitet və nəyə görə? Və yaxud Amerika universitetləri deyəndə. Çünki artıq keçmiş modellər var”-deyən ekspert hesab edir ki, universitetlərin inkişafını şərtləndirən məsələ ölkədə sənayenin və iqtisadiyyatın inkişafıdır və Azərbaycan iqtisadiyyatı da sürətlə inkişaf edir.
İlqar Orucov sənayenin inkişaf etdirilməsinin önəmli olduğunu hesab edir.
“Sənayenin inkişafında universitetlərin payı məsələsi mütləq öz əksini tapmalıdır. Biz təəssüf ki, universitetlərimizdə, bunu görə bilmirik. Biz bunları vəhdət halında bir araya gətirə bilsək, universitetlərimizin gələcəyi ilə bağlı daha çox pozitiv düşünə bilərik. Nəinki rəqəmlərlə, nəinki hansısa reytinqlərlə. Mən reytinqlərdə yer almağın tərəfdarıyam. Amma sadəcə olaraq, görüntü üçün reytinqlərdə yer almağın yox”-deyə İlqar Orucov vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






