Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ailə həkimi" rubrikası - Müasir dövrdə körpələr arasında patologiyaların artmasının səbəbləri nələrdir?
"Ailə həkimi" rubrikası - Müasir dövrdə körpələr arasında patologiyaların artmasının səbəbləri nələrdir?

“Son zamanlar müxtəlif patologiyalı uşaqların, məsələn, görmə zəifliyi, onurğa əyrilikləri, nitq problemləri, inkişaf geriliyi və digər pozğunluqlarla doğulma və ya erkən yaşlarda bu problemlərlə qarşılaşma hallarının artmasının bir neçə əsas səbəbi var. Bu səbəblər genetik, ekoloji, sosial, qidalanma və həyat tərzi amillərinin kompleks təsiridir. Müasir dövrümüzdə valideynlərin genetik daşıyıcılığı artıb və yaxın qohum evlilikləri bəzi bölgələrdə davam edir. Bəzi genetik xəstəliklərin erkən diaqnostikası inkişaf edib, buna görə də əvvəl görünməyən hallar daha çox aşkarlanır. Hamiləlikdən əvvəl və hamiləlik zamanı zərərli vərdişlər (məsələn; siqaret, alkoqol və s.) genetik mutasiyalara səbəb ola bilir. Həmçinin ətraf mühitin çirklənməsi – hava, su və torpaq vasitəsilə keçən toksinlər və ağır metallar dölün inkişafına mənfi təsir göstərir. Nəticədə körpələr arasında patologiyaların rastgəlmə tezliyi artıb”.

Bu barədə Bizimyol.info xəbər portalına həkim-pediatr Şəhla Hacıyeva danışıb. Həkim qeyd edib ki, radiasiya, elektromaqnit sahələrə uzunmüddətli məruz qalma (Wi-Fi, telefon, kompüter) uşağın sinir və görmə sisteminə mənfi təsir edir.

“Anaların hamiləlik dövründə vitamin və mineral çatışmazlığı (xüsusilə fol turşusu, D vitamini, kalsium və Omega-3 yağ turşuları) sinir sistemi və skelet inkişafına zərər verə bilər. Son zamanlar gənclərin hazır qidalara, kimyəvi əlavəli içkilər və “fast food”larla qidalanmaya üstünlük verməsi həm ana, həm də uşaq sağlamlığına öz mənfi təsirini qabarıq şəkildə göstərir”-deyən həkim vurğulayıb ki, günümüzün bəlası olan uşaqların hərəkətsiz həyat tərzi (planşet, telefon, televizor qarşısında uzun müddət qalma) skolioz, görmə zəifliyi, duruş pozğunluqları və psixomotor inkişaf geriliklərinə gətirib çıxara bilir. Həkimin fikrincə, açıq havada az vaxt keçirmək və günəş işığına kifayət qədər məruz qalmamaq – D vitamini çatışmazlığına və nəticədə sümük zəifliyinə səbəb olur.

“Çətin və riskli hamiləliklər (infeksiyalar, şəkərli diabet və s.), həmçinin zamanından əvvəl doğum və ya ağır doğuş uşaqlarda sinir və əzələ sistemində problemlərə yol aça bilir. Bəzən valideynlərin məlumatsızlığı, mütəmadi pediatrik yoxlamaların olmaması nəticəsində problemlər gec aşkarlanır. Bu isə uşaqlar arasında müxtəlif patologiyaların rastgəlmə tezliyinın artmasına səbəb olur. Ümumiyyətlə, müasir dövrdə uşaqlarda patologiyaların artmasının səbəbləri çoxşaxəlidir və sadəcə bir faktordan qaynaqlanmır”-deyə Şəhla Hacıyeva bildirib.

Gələcək valideynlər sağlam uşaq dünyaya gətirmələri üçün aşağıdakı tövsiyələrə riayət etməklə, özlərinin xoşbəxt həyatlarının təməlini qoymuş olarlar:

  • Profilaktik olaraq gələcək valideynlər sağlamlığına diqqət yetirməlidir.
  • Hamiləlik zamanı düzgün qidalanma və nəzarət önəmlidir.
  • Doğuşdan sonra erkən müdaxilə və fiziki aktivlik təşviq edilməlidir.
  • Elektron cihazlardan istifadə məhdudlaşdırılmalıdır.
  • Uşaqlar üçün balanslı və təbii qidalanma təmin olunmalıdır.
  • Ətraf mühitin sağlamlaşdırılması vacibdir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »