“Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır”. Bu barədə Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında bildirib. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlət başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilib. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşıdır və Azərbaycan son illərdə enerji təsərrüfatını yenidən qurmuşdur.

“Bu gün Azərbaycan regionun ən böyük enerji potensialına malik ölkəsidir. O cümlədən, bugün cənab Prezidentin Mingəçevirdə açılışını etdiyi 8 Noyabr Elektrik Stansiyası ölkəmizin enerjiyə olan təlabatının 40%-ni ödəməklə ölkəmizi Qafqazın enerji mərkəzinə çevirir. Dövlət başçımızın uzaqgörən siyasəti sayəsində enerji resurslarımızdan səmərəli istifadə olunur və yaxın gələcəkdə Avropanın elektrik enerjisinin təminatında yaşıl enerjimizlə iştirak edəcəyik”-deyən deputat vurğulayıb ki, bu baxımdan İtaliya və Çinlə əməkdaşlığımız strateji hədəflərimizə yüksək səviyyədə nail olmağımıza imkan verir.
İradə Cəlil, Bizimyol.info