Amerikalı alimlər süni intellektin dəstəyi ilə əl hərəkətlərini təhlil edərək Parkinson xəstəliyinin erkən əlamətlərini aşkar edə bilən xüsusi bir qələm hazırlayıblar.
Bizimyol.info xəbər verir ki, ABŞ-ın Kaliforniya Universitetindən olan alimlər, beyində dopamin istehsal edən bölgədəki hüceyrə itkisi nəticəsində meydana çıxan Parkinson xəstəliyinin erkən mərhələlərini müəyyən edə bilən qələm hazırlayıblar. Süni intellektlə təchiz edilmiş bu qələm xüsusi uca və maqnit mürəkkəbinə malikdir. Qələm, şəxsin yazı yazarkən baş verən mikro səviyyəli titrəmə və əzələ hərəkətlərini elektrik siqnallarına çevirir. Toplanmış bu siqnallar daha sonra süni intellekt tərəfindən təhlil olunur və Parkinson xəstəliyinin ilkin əlamətləri araşdırılır.
Alimlərin sözlərinə görə, süni intellekt sistemi ilə təchiz olunmuş bu qələm, Parkinson xəstəsi olan üç nəfərin əl yazısı nümunələrini 13 sağlam iştirakçının əl yazılarından uğurla ayırd edə bilib. Eyni zamanda, 16 nəfərlik kiçik bir qrup üzərində aparılan testlərdə Parkinson xəstəliyini 95 faizdən yüksək dəqiqliklə aşkar edib. Hazırda bu diaqnostik qələmin klinik sınaqları davam edir.
Alzheimerdən sonra ikinci ən çox rast gəlinən nevroloji xəstəlik olan Parkinson, aşağı maliyyəti ilə seçilən bu qələm sayəsində daha erkən mərhələdə müəyyən oluna bilər. Titrəmə, əzələlərdə sərtlik və hərəkətlərin ləngiməsi kimi simptomlarla müşayiət olunan Parkinson xəstəliyi, dünya üzrə 10 milyondan çox insana təsir göstərir.
Qadir, Bizimyol.info






