Almaniyanın biotexnologiya şirkəti "BioNTech" və ABŞ-ın əczaçılıq şirkəti "Bristol Myers Squibb" (BMS) "BioNTech"in tədqiqat aparan xərçəng dərmanının birgə hazırlanması və kommersiyalaşdırılması üçün 11,1 milyard dollara qədər ödənişi nəzərdə tutan əməkdaşlıq sazişi imzalayıb.
Bizimyol.info xəbər verir ki, "BioNTech" və "BMS" şirkətlərinin birgə bəyanatında bildirilib ki, alman şirkəti ABŞ şirkəti ilə tədqiq olunan xərçəng dərmanı "BNT327"nin hazırlanması və kommersiyalaşdırılması üçün razılığa gəlib.
Müqaviləyə əsasən, "BMS" əməkdaşlıq üçün "BioNTech"ə ümumilikdə 11,1 milyard dollar ödəyəcək. "BioNTech" ilkin ödəniş olaraq 1,5 milyard dollar alacaq.
"BioNTech" "mRNA" texnologiyasından istifadə edərək "Covid-19" peyvəndini hazırlayıb və ABŞ-ın "Pfizer" şirkəti ilə əməkdaşlıq edərək bazara çıxarıb. "BioNTech" 2021-ci ildə "mRNA" peyvəndindən təxminən 19 milyard dollar gəlir əldə edib.
"Covid-19" epidemiyasından sonra diqqətini xərçəng dərmanlarının inkişafına yönəldən "BioNTech", ilk xərçəng dərmanını 2026-cı ildə satışa çıxarmağı hədəfləyir.
Xəbərdən sonra "BioNTech"in səhmləri erkən ticarətdə təxminən 20 faiz artaraq 114,75 dollara çatıb.
Qadir, Bizimyol.info






