ABŞ Prezidenti Donald Tramp prezident kürsüsünə oturar-oturmaz ilk işi “Milli Enerji Fövqəladə Vəziyyəti” elan etmək olub. ABŞ-ın artıq böyük həcmdə olan fosil yanacaq istehsalını artırmağa yönəlmiş bu qərar, ölkənin yüksək enerji qiymətləri ilə mübarizə aparması və "yeni nəsil texnologiyalar"dan gələcək artan tələbat üçün hazırlaşmalı olduğu iddiaları ilə əsaslandırılıb.
Bizimyol.info xəbər verir ki, "The Hill" qəzetinin verdiyi məlumata görə, iqlim və ətraf mühitlə bağlı imzalanmış 3 prezident fərmanı ictimaiyyət tərəfindən sərt tənqidlərə məruz qaldığı bir vaxtda, Montana ştatında yaşayan gənclər Trampa qarşı mübarizəyə başlayıblar.
Qəzetin verdiyi məlumata görə, yaşları 7 ilə 25 arasında dəyişən 22 nəfər "Milli Enerji Fövqəladə Vəziyyəti" çərçivəsində imzalanan 3 prezident fərmanının konstitusiyaya zidd olduğunu əsas gətirərək Tramp və onun administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
Gənclər bu fərmanların qlobal istiləşməni daha da sürətləndirəcəyini iddia edərək, məhkəmədə cavabdeh olan qurumlar arasında ABŞ Enerji Nazirliyi, Nəqliyyat Nazirliyi, Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) və ABŞ Aerokosmik Agentliyinin (NASA) da yer aldığını bildiriblər.
İddiaçılardan biri olan Eva Lighthiser: “Trampın fosil yanacaq fərmanları mənim nəsilim üçün ölüm hökmüdür”, - deyə bildirib.
Lighthiser: “İstəklə deyil, məcbur qaldığım üçün məhkəməyə müraciət edirəm. Sağlamlığım, gələcəyim və həqiqəti söyləmə hüququm təhlükədədir. Tramp fosil yanacaqları silah kimi istifadə edərək bizə müharibə elan edir, biz isə buna Konstitusiya ilə cavab veririk”, - deyə əlavə edib.
Qadir, Bizimyol.info






