"TikTok" istifadəçiləri yeni bir kiber hücum dalğasının hədəfi olub. Süni intellekt tərəfindən istehsal edilən və "pulsuz proqram təminatı hackləri" vəd edən saxta videolar, istifadəçiləri kimlik oğurluğuna məruz qoya biləcək zərərli proqramlarla qarşı qarşıya qoyur.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Techedt" platformasının verdiyi məlumata görə, bu qısa və diqqətəçəkici videolar, "Microsoft Office", "Windows", "Spotify" və "CapCut" kimi populyar proqramların ödənişli xüsusiyyətlərini pulsuz şəkildə istifadə etməyin yolunu göstərmək iddiasındadır.
Ancaq videolarda göstərilən "PowerShell" əmrləri əslində "Vidar" və "StealC" adlı zərərli proqramları istifadəçinin kompüterinə yükləyir.
Bu proqramlar yalnız kompüterinizə deyil, rəqəmsal həyatınıza da daxil olur. Şifrələr, oturum məlumatları, kredit kartı məlumatları, ekran görüntüləri, brauzer çerezləri və naviqasiya tarixi kimi şəxsi məlumatlar hədəf alınır.
Xüsusilə kripto investorları üçün vəziyyət daha da kritikdir; bu proqramlar kripto canta məlumatlarına və iki faktorlu identifikasiya kodlarına da daxil ola bilir.
"Trend Micro" tədqiqatçılarına görə, bu videolar süni intellekt dəstəyi ilə hazırlanmış vizuallar və səslərlə çoxlu şəkildə istehsal olunur. Eyni məzmun kiçik fərqliliklərlə yenidən təqdim edilir və "TikTok" alqoritması sayəsində sürətlə yayılır. Bir saxta videonun 500 mindən çox izlənmə, 20 mindən çox bəyənmə alması, təhlükənin ölçüsünü göstərir.
Bu cür fırıldaqlar əvvəllər saxta faylları yükləməyə yönəldirdisə, indi birbaşa videoda göstərilən əmrlərin istifadəçi tərəfindən işlədilməsi tələb olunur. Bu üsul təhlükəsizlik filtrlərindən yayınmağı asanlaşdırır.
Necə qoruna bilərsiniz?
Kiber təhlükəsizlik mütəxəssisləri "TikTok" videolarından gələn aşağıdakı təkliflərə qarşı diqqətli olunmağı bildirir:
- Naməlum videolarda göstərilən "PowerShell" əmrlərini mütləq işlətməyin.
- Yalnız rəsmi proqram mənbələrindən və tanınmış dəstək kanallarından istifadə edin.
- "Pulsuz hack" vədlərinə qarşı şübhə ilə yanaşın.
- Bir məzmun çox yaxşı görünürsə, böyük ehtimalla həqiqəti əks etdirmir.
Kiber təhlükəsizlik mütəxəssisi Kodi Barrov dərin saxtakarlıqlara qarşı istifadəçilərin məzmunun doğruluğunu yoxlamaqda daha məlumatlı olmaları lazım olduğunu qeyd edir. "TikTok"da təhlükəsiz qalmaq üçün diqqətli olun: Rəqəmsal kimliyiniz bir neçə kliklə oğurlana bilər.
Qadir, Bizimyol.info






