“Manatlıq taksi anlayışı yoxdur, bir çox hallarda onlar qanunsuz fəaliyyət göstərir”. APA xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov deyib. Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev isə deyib ki, yol polisi bu problemlə mübarizə aparır: “Yol polisi bir nöqtəyə bütün gün təhkim oluna bilməz. Yol polisi əməkdaşı ərazidən uzaqlaşan kimi manatlıq taksilər ora qayıdıb dayanır. Cəzaların sərtləşdirilməsi sürücüləri bu hərəkətdən çəkindirsə də, bu problem var. Sürücünün özünün məsuliyyəti olmalıdır. Həmin sürücülərin arxivinə baxanda görürük ki, onlar qazandıqlarını da cərimə ödəyir, amma bu əməldən əl çəkmirlər. Biz o taksi sürücüləri ilə görüşlər təşkil etməyə və onları bu əməldən çəkindirməyə çalışırıq”.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, biz ictimai nəqliyyatın keyfiyyətini artırmaq deyəndə, nəqliyyat əlçatanlığı mövzusuna diqqət ayırmalıyıq: “Yəni bizim dayanacaqlar nə dərəcədə yaxın əlçatan piyada məsafəsində yerləşir? Bu məsələ önəmlidir. Dayanacaqlarda olan informasiya nə dərəcədə əlçatandır. Yəni hansı marşrutlar ordan keçir? Bunun həm fiziki olaraq vurulması, həm rəqəmsal həll olaraq, onun izlənməsi və məlumatın əlçatanlığı təmin olunmalıdır. Avtobuslarda səsləndirmə, monitorlarda göstərilmə, bunların sinxronlaşdırılması təmin olunmalıdır. Yəni avtobusdakı yazılan dayanacaqla düşdüyümüz və yaxud mindiyimiz dayanacaqda da eyni adların yazılması təmin olunmalıdır. Həmçinin də bir nəqliyyat növündən digər nəqliyyat növlərinə keçid də rahat olmalıdır”.-
Rauf AğamirzəyevRauf Ağamirzəyev qeyd edib ki, səkilərimizin vəziyyəti də yaxşılaşdırılmalıdır. Ekspert bildirib ki, bu da dövlət proqramına salınıb.
“2025-2030-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti səkiləri də vəziyyətin təftiş edib, problemləri aradan qaldırmalıdır və davamlılığını təmin etməlidir. Baryerlərin aradan qaldırılması və pandusların quraşdırılmasının təmini yönündə işlər görülməlidir.
Yaxın beş il ərzində metro şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulub. Şəhərətrafı elektrik qatarı şəbəkəsinin genişləndirilməsi və bugünkü daşınmanı 4-5 dəfə artırılması hədəfləyən həllər, layihələr nəzərdə tutulub. Bunlar hamısı mobilliyin transformasiyasına gətirib çıxaracaq və bu gün əgər fərdi nəqliyyatdan daha çox istifadə edirdilərsə, qeyri-qanuni sərnişindaşımaya ehtiyac var idisə, amma hər gələn gün, hər gələn il bu dəyişəcək və insanlar dayanıqlı, sürətli, komfortlu, təhlükəsiz, ictimai nəqliyyata daha çox yönələcək”-deyə ekspert əlavə edib.
Rauf Ağamirzəyev vurğulayıb ki, ictimai nəqliyyatın özü də əlçatan olmalıdır, həm fiziki infrastruktur olaraq, həm məlumat olaraq, daha zəngin olmalıdır ki, insanlar səfərlərini rahat planlaya bilsinlər: “Yəni özləri seçsinlər ki, hansı növ onlara daha uyğundur. Hansı məsafənin hansı növ ilə qət edə biləcəklərinə özləri qərar versin”.
İradə Cəlil, Bizimyol.info






