Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və onu müşayiət edən nümayəndə heyətini bir neçə gün əvvəl qəbul edərək görüş keçirib.
Bizimyol.info xəbər verir ki, Prezident Aparatından verilən açıqlamaya görə, səfərdən məmnunluğunu ifadə edən Tatar, dövlət xadimi Binəli Yıldırıma gördüyü işlər və xidmətlərə görə hörmətini bildirib və təşəkkür edib.
Prezident Ersin Tatar, Şimali Kiprdə baş verən hadisələrə toxunaraq, bu məsələdə Binəli Yıldırımın xidmət və köməyinin danılmaz olduğunu qeyd edib. Göstərilən səylər və mübarizələr nəticəsində Şimali Kiprdə əldə edilən irəliləyişlərə diqqət çəkən Tatar, bu istiqamətdə xidmət göstərən hər kəsə təşəkkürünü bir daha bildirib.
Şimali Kiprin tanınması və Kipr türklərinin mübarizəsində göstərilən əməklərin önəminə toxunan Tatar, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilməsində Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın töhfələrinə diqqət çəkib.
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının çox dəyərli və əhəmiyyətli bir mövqedə olduğunu bildirən Prezident Tatar, Ağsaqqallar Şurasının 17-ci toplantısının Şimali Kiprdə keçirilməsini tarixi bir hadisə kimi dəyərləndirib.






