Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünya müharibə və münaqişə şəraitindən xilas edilməsə, bir çox ölkələr böhran və aclıqla üzləşəcək"
"Dünya müharibə və münaqişə şəraitindən xilas edilməsə, bir çox ölkələr böhran və aclıqla üzləşəcək"

Prezident Ərdoğanın iştirakı ilə 11-13 aprel tarixlərində keçirilən Antalya Diplomatiya Forumu 155 ölkədən 21 dövlət və hökumət başçısı, 64 nazir olmaqla 6 mindən çox insanı qəbul edib. Prezident Ərdoğan forum çərçivəsində dövlət və hökumət başçıları ilə sıx diplomatik trafik həyata keçirərək, İsrailin Qəzzaya hücumlarına son qoyulması, Suriyadakı inkişaflar, terrorla mübarizə, Ukraynada qalıcı sülhün bərqərar olması kimi mövzularda Türkiyənin mesajlarını və gözləntilərini bölüşüb. Ərdoğan Azərbaycan, Monteneqro, Kosovo, Suriya, Sierra Leone, Somali və Sudan prezidentləri, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, Fələstin, Qətər, Liviya və Macarıstanın baş nazirləri və İraq Kürd Regional Rəhbərliyinin sədri ilə görüşüb.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kerem Karabulut Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Antalya Diplomatiya Forumu 11-13 aprel 2025-ci il tarixlərində Antalyada keçirilmişdir.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kerem Karabulut

“Bu il dördüncü dəfə keçirilən forum “Bölünmüş dünyada diplomatiyanı mənimsəmək” mövzusu altında keçirilmişdir. Bu mənalı başlıqdır. Çünki regionda və dünyada çoxlu etnik, mədəni, dini və coğrafi bölgülər mövcuddur və buna uyğun olaraq münaqişələr, müharibələr baş verir. Mustafa Kamal Atatürk deyir ki, “Lazımsız müharibə qətldir”. Bu mənada dünyada çoxlu haqsız və lazımsız qətllər törədilir. Bu vəziyyət yeni diplomatik kanalların və həll yollarının işlənib hazırlanmasını zəruri edir. Bölgənin və dünyanın mühüm gücü olan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anlayışına uyğun olaraq 155 ölkənin yüksək səviyyəli nümayəndələri ilə bu məsələni gündəmə gətirməsi və gələcəkdə sülhün təmin edilməsi və müharibənin qarşısının alınması üçün yollar axtarması mühüm addımdır”-deyən Kerem Karabulut qeyd edib ki, bu, hər şeydən əvvəl Türkiyənin regional və qlobal gücə çevrilməsinə töhfədir, diplomatiyanın gücünü artırır.

Professorun fikrincə, Türkiyəyə verilən üstünlüklər bütün məsələlərdə birgə hərəkət edən Azərbaycana da verilir: “ABŞ-İran problemləri, Rusiya-Ukrayna müharibəsi, Suriyadakı daxili qarışıqlıqlar, Yaxın Şərqdəki müharibələr, Zəngəzur dəhlizinin açılması və bir çox başqa problemli məsələlər üzrə müvafiq diplomatik həll yollarının axtarılması təkcə Türkiyə və Azərbaycan üçün deyil, həm də dünya üçün çox vacibdir”.

Kerem Karabulut hesab edir ki, gələcəkdə bu cür birləşmələr bütün inkişaf etmiş ölkələr tərəfindən əhatə olunmalı, dünya müharibə və münaqişə şəraitindən xilas edilməlidir: “Əks halda, uzunmüddətli iqtisadi böhran yaranacaq. Dünyanın ərzaq təminatının təhlükəsizliyi təhlükə altında olması, bir çox ölkələrin aclıqla üzləşməsi deməkdir. Sülhün hökm sürdüyü bir dünyada yaşamaq bəşəriyyət üçün bir zərurətdir”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »