Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mərkəzi Bank devalvasiyaya eyham vurur: Hərraclarda satılan dollar məbləği gizli saxlanılacaq
Mərkəzi Bank devalvasiyaya eyham vurur: Hərraclarda satılan dollar məbləği gizli saxlanılacaq

Havada devalvasiya qoxusu var. Son bir ayda müşahidələr göstərir ki, manat tezliklə dəyər itirəcək. Artıq Mərkəzi Bank da buna eyham vurmağa başlayıb. Bildirilir ki, bundan sonra hərraclarda banklara nə qədər dollar satıldığı barədə məlumat açıqlanmayacaq. İndiyə qədər Mərkəzi Bank hər dəfə hərracdan sonra göstəricilər barədə məlumat verirdi. Martda qeyri-müəyyənlik yarananda hadisələrin belə istiqamət alacağı məlum idi.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Bank keçən ay heç bir hərrac keçirməyib. Halbuki fevralda 9 hərrac qeydə alınmışdı. Hiss olunurdu ki, dollara tələbat artıb. Hərraclarda yüksək göstəricilər qeydə alınırdı. Cəmiyyət həm də bu yolla narahatlığını ifadə edirdi.

İndi müəyyən əminliklə demək olar ki, ölkə devalvasiyaya hazırlaşa bilər. Birincisi, Mərkəzi Bank bir aydır hərrac keçirmir. İkincisi, keçirsə də, ictimaiyyəti məlumatlandırmaqdan imtina edir. Deməli, vəziyyət mürəkkəbləşib.

Daha banklardan, valyutadəyişmə məntəqələrindən böyük həcmdə xarici valyuta da almaq olmur. Qeyri-rəsmi məhdudiyyətlər tətbiq olunub. Onsuz da ölkə vətəndaşı il ərzində dəyəri 20 min manatdan çox xarici valyuta əldə edə bilmirdi. İndi isə imkanlar bir az da məhdudlaşdırılıb. Vətəndaşa manevr imkanı saxlanılmır.

Devalvasiyanın həmişə ağır nəticələri olur. Ölkədə sanki "zəlzələ effekti" yaranır. 2015-ci ilin iki devalvasiyasını xatırlatmağa dəyər. Bu on il ərzində sosial-iqtisadi vəziyyət yalnız pisləşməyə doğru gedib. İnsanların həyat keyfiyyəti də aşağı düşüb.

Təsəvvür etmək olmur ki, növbəti devalvasiya özü ilə hansı seli gətirəcək. Heç şübhəsiz, sosial-iqtisadi durum bir az da pisləşəcək. Real gəlirlərin dollarla ifadəsi ciddi şəkildə aşağı düşəcək. Onsuz da Cənubi Qafqaz və ya ümumilikdə postsovet məkanı ölkələri ilə müqayisədə aşağı pillələri tuturduq.

Ümumiyyətlə, şəffaflığın sıfıra endirilməsi çox pis qərardır. Məlumat gizlədiləndə cəmiyyət daha çox təşviş keçirir. Bu halda valyutadəyişmə məntəqələrinə xüsusi axın diqqət çəkir. İnsanlar çalışır ki, əlindəki ən kiçik vəsaitin də dəyərdən düşməsinin qarşısını alsın. Ən yaxşısı ictimaiyyətlə açıq danışmaq və hamını baş verənlərdən xəbərdar etməkdir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »