Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki nəfərin boğulduğu tuneli inşa etmiş şirkət hələ də tender qalibi olur, İKZF-yə mənzillər satır
İki nəfərin boğulduğu tuneli inşa etmiş şirkət hələ də tender qalibi olur, İKZF-yə mənzillər satır

Sabunçu tunelində yağışda iki nəfərin ölümü bağlı prokurorluq araşdırmaya başlamışdı. Nəticə hələ də məlum deyil. Tuneli inşa etmiş “Körpü-Bina-Tikinti” MMC üçün həyat öz axarında davam edir. Şirkət həmişə olduğu kimi, tender qalibi olur və mənzillər satır.

Bizimyol.info xəbər verir ki, “Körpü-Bina-Tikinti” MMC dövlət qurumlarının irihəcmli layihələrinin icraçısı kimi tanınır. Sabunçuda Asəf Əsədullayev küçəsindəki tunelin inşasını da Azərbaycan Dəmir Yolları sifariş etmişdi. İnşaya 2019-cu ildə başlanmışdı, təxminən bir il sonra iş təhvil verilmişdi. Tuneldə insanlar boğulanda məlum olmuşdu ki, açılış zamanı haqqında danışılan üç nasosdan, irihəcmli transformatordan əsər-əlamət yoxdur.

Təsəvvür edin ki, belə böyük faciədən sonra “Körpü-Bina-Tikinti” yenə tender qalibi olmağı “bacarıb”. İpoteka və Kredit Zəmanət Fondunun keçən ilin dekabrında keçirdiyi müsabiqənin qalibi məhz bu məhdud məsuliyyətli cəmiyyət olub. “Körpü-Bina-Tikinti” fonda 520 mənzil təhvil verəcək. Bir mənzil üçün 267 min manat ödənilir. Yəni çox böyük məbləğdən, dəqiq yazsaq, 139 milyon manatdan danışılır.

“Körpü-Bina-Tikinti” böyük məbləğlərə alışıb. 2023-cü ilin dekabrında Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti şirkətə Əlicançay su anbarının tikintisi üçün 45 milyon manat vermişdi. Məhz bu qurum az əvvəl “Körpü-Bina-Tikinti”yə 19,4 milyon manatlıq iş də sifariş etmişdi.

“Körpü-Bina-Tikinti” MMC 2001-ci il sentyabrın 17-də dövlət qeydiyyatına alınıb. Şirkətin onda cəmi 40 manatlıq nizamnamə kapitalı olub. Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşovdur. Amma “Körpü-Bina-Tikinti”yə bu şəxsin qardaşı, iş adamı kimi tanınan Xəlil Göyüşovun rəhbərlik etdiyi məlumdur. Xəlil Göyüşovun oğlu Ramiz Göyüşovun bir neçə il əvvəl Hamburqda 40 milyon avroya otel aldığını da yazmışdıq.

İndiki situasiyaya təəccüblənməmək olmur. Prokurorluğun araşdırmasının nəticəsi hələ də açıqlanmayıb. “Körpü-Bina-Tikinti”yə nəinki toxunan yoxdur, hətta şirkət daha böyük işlərə imza atır. Halbuki insan ölümü məsuliyyətinin altından çıxmaq mümkünsüz olmalıdır. İki insan həyatını itirib, amma şirkətə minlərlə insanın yaşayacağı mənzillər sifariş olunur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »