Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana qarşı hibrid müharibə gedir
Azərbaycana qarşı hibrid müharibə gedir

"X" platformasını bilirsiniz. Əvvəlki adı Twitter idi. Bu platforma üzərindən Azərbaycana qarşı kampaniya aparılır.

Əslində bunu edənlər oturduğu budağı baltalayanlardır. Sözün birbaşa və dolayı mənalarında.

Sürü halında saxta profillər yaradıblar və bir sürü kimi eyni məzmunu paylaşırlar. Hansısa siyasi çobanın barmağının işarəsi ilə. Bir fit səsinə toplaşıb, Azərbaycanın üstünə cumublar.

"Kütləvi" sözünü işlətmirəm, çünki o, daha çox insan kütləsinə aid bir anlayışdır. Haqqında danışdığım davranışa isə yalnız "sürü" ifadəsi uyğun gəlir.

Həmin bu bir sürü saxta profildə birdən-birə axınla eyni məzmun paylaşılır. Əsas məqsəd Azərbaycan cəmiyyətinin guya COP29 iqlim konfransından kütləvi narazı olması haqda fikir yaratmaqdır.

Fikir, tezis saxta olduğu üçün profillər də saxtadır.

Azərbaycanda kütləvi narazılıq nədə ifadə olunub?! Heç yerdə belə bir əhval yoxdur. Daxildə və xaricdə Azərbaycana düşmən olanlar belə saxta fikirlər yayırlar. Bu, sağlam düşüncənin məhsulu deyil. Hətta ortada bir düşüncə də yoxdur. Əmr gəlib, trollar hərəkətə keçib. Düşünmədən. Zombilər düşünməz, ona verilmiş proqramla hərəkət edər. Nə səbəblə maraqlanar, nə nəticəni hesablayar. Sadəcə, öz şəxsi maraqlarına uyğun gələn haqq-hesabını alıb, işini görər. Bu qədər!

Ancaq normal, sağlam düşüncə sorğulayardı. "İnsan onu xilas etmək üçün keçirilən bir toplantıdan niyə narazı olsun ki?!"deyərdi.

Bu sammit qlobal istiləşmənin qarşısı alınsın deyə keçirilir. Qlobal istiləşmədən bütün dünya əziyyət çəkir. Azərbaycan da dünyanın bir parçasıdır. Biz də Yer kürəsində yaşayırıq, başqa Planetdə yaşamırıq. İstiləşmə daşqınlara səbəb olur. Quraqlığa səbəb olur. İçməli su qıtlığı yaradır. Qida çatışmazlığı yaradır. Təbii fəlakətlər doğurur... Bunlardan Azərbaycan da əziyyət çəkir.

COP29 iqlim sammiti BMT-nin qərarı ilə keçirilir. Adı üstündə: iqlim sammiti. Yəni təbiətdən, iqlim dəyişmələrindən gələn təhlükələrdən Yer kürəsini, insanları xilas etmək üçün toplanır Dünya. Toya-bayrama, istirahətə gəlmir adamlar, işləməyə, iş görməyə, çıxış yolu axtarmağa gəlir. Bundan niyə narazı qalaq ki?! Yoxdur axı belə bir şey.

Azərbaycan cəmiyyətinin COP29-dan narazı qalması, bilirsiniz, nəyə bənzəyərdi?! Azərbaycan torpaqlarının işğaldan azad olunması tələbi ilə BMT-nin qəbul etdiyi qətnamələrdən narazı olmağa.

Azərbaycan BMT-nin nizamnaməsinə, o dörd qətnaməyə əsaslanaraq, torpaqlarını azad etdi, elə deyilmi?!

COP da BMT-nin qərarı ilə keçirilir. İndiyə qədər 28 dəfə keçirilib. Hətta elə ölkə var, iki dəfə ev sahibliyi edib.

Bu sammit Dünyanı iqlim dəyişmələrinin fəsadlarından qorumaq üçündür. Miqyas fərqli olsa da, mahiyyət eynidir. Hətta, demək olar, eyni təhdidlərdir. Etnik separatizm, beynəlxalq terrorizm, soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri... Bunlar da bəşəriyyətin başının bəlalarıdır. Bunların hamısı Ermənistanın işğalı dövründə Azərbaycan xalqının başına gətirilmişdi. BMT Təhlükəsizlik Şurası məhz buna görə işğala son qoyulması tələbi ilə qətnamələr qəbul etmişdi. Bu gün Ermənistan Milli Məclisinin sədri Alen Simonyan da etiraf edir ki, Azərbaycanın əlində beynəlxalq hüquqi əsaslar, BMT qətnamələri var idi, amma Ermənistan hüquqi olaraq haqsız idi, ona görə məğlub oldu.

Biz cəmiyyət olaraq necə ki, BMT-nin o qətnamələrindən razı idik, eləcə də, bu gün eynilə COP29 iqlim sammitinin Bakıda keçirilməsindən narazı deyilik. Əksini düşünmək, sadəcə, absurd olar. X platformasındakı o sürünün paylaşımı kimi.

Bəli, bu sürü paylaşımları Azərbaycanı hədəf seçib. Həm də haqsız yerə. Mən bir vətəndaş kimi Azərbaycan dövlətinin yanındayam. Çünki ölkəmizə qarşı əsl hibrid informasiya müharibəsi gedir. İctimai fikri saxta yollarla Azərbaycan cəmiyyətindən oğurlayıb öz məqsədlərinə işlətməyə çalışan qüvvələr var. Onlar ölkənin xaricində də var, təəssüf ki, daxilində də var. "Əl əli yuyar, əl də üzü" prinsipi ilə əl-ələ veriblər. Azərbaycanın COP29-a ev sahibliyi əslində hər bir Azərbaycanlının qürur duymalı olduğu bir olaydır. Onu qaralamağa çalışanlar, sadəcə, bu cəmiyyətin, bütövlükdə bəşəriyyətin üz qarasıdırlar. Başqa heç bir şey deyillər.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »