Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadını yarı yolda qoyan həyat yoldaşı "həyat"ını, gələcəyini əlindən alır... Qadın qətlləri bitmir, tükənmir
Qadını yarı yolda qoyan həyat yoldaşı "həyat"ını, gələcəyini əlindən alır... Qadın qətlləri bitmir, tükənmir

Qadın qətlləri (feminisid) qadınlara və qızlara qarşı zorakılığın ən qəddar və ekstremal təzahürüdür. Gender motivi ilə qəsdən öldürmə kimi müəyyən edilən qadın qətli stereotip gender rolları, qadınlara və qızlara qarşı ayrı-seçkilik, qadınlar və kişilər arasında qeyri-bərabər güc münasibətləri və ya zərərli sosial normalar əsasında baş verə bilər.

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin məlumatına görə, hər il dünyada 89 minə yaxın qadın öldürülür. Bu rəqəm son iki onillikdə qeydə alınan ən yüksək illik rəqəmdir.

Bütün qadın qətllərinin 55 faizi (48,800) ailə üzvləri və ya intim partnyorlar tərəfindən törədilir ki, bu da evin qadınlar və qızlar üçün təhlükəsiz sığınacaqdan uzaq olmasının narahatedici reallığını vurğulayır. Bu da o deməkdir ki, hər gün orta hesabla 133-dən çox qadın və ya qız öz evində kimsə tərəfindən öldürülüb. Təəssüflər olsun ki, qadınlara qarşı zorakılıq və qadınların qətlə yetirilməsi bütün ölkələrdə müşahidə edildiyi kimi Azərbaycanda da var.

Qadın qətli, gender əsaslı zorakılığın ən ağır təzahürüdür. O, dərin kök salıb və cəmiyyətdəki güc balanssızlığının təzahürüdür. Bu da kişilər və qadınlar üçün qeyri-bərabər statusu təşviq edir. Qadın qətli geniş mənada qadının və ya qızın cinsinə görə öldürülməsi kimi müəyyən edilir. Bu da müxtəlif formalarda ola bilər. Məsələn, qadınların intim partnyorun zorakılığı nəticəsində öldürülməsi; qadınların və qızların “namus” üstündə öldürülməsi və s.

Qadın öldürmə, femincid cinsinə görə qadınların öldürülməsini izah edən termindir.

1976-cı ildə feminist müəllif Diana E. H. Russell əvvəlcə bu termini üstüörtülü şəkildə “qadınların kişilər tərəfindən nifrətlə qətlə yetirilməsi” kimi tərif etmişdi. Lakin daha sonra bu termini "qadınların qadın olduqları üçün kişilər tərəfindən öldürülməsi" kimi yenidən təyin etdi.

Qadın qətli hər iki cins tərəfindən törədilə bilər, lakin daha çox kişilər tərəfindən törədilir. Təəssüf olsun ki, qadın qətllərinin dəqiq statistikası yoxdur. Olsaydı yəqin ki, bu gün mətbuat səhifələrində oxuduğumuzdan dəfələrlə çox olduğunun şahidi olardıq. Amma əldə olan statistika və dəqiq faktlara görə, qadın qətlərinin 60 faizi qadınların həyat yoldaşı və ya partnyorları tərəfindən həyata keçirilir.

2024-cü il də qadın qətlləri ilə yadda qaldı. 2024-cü ildə baş verən qadın qətllərinə bir nəzər salaq:

  • Martın 2-də Yevlax şəhərində 1987-ci il təvəllüdlü Laləzar Bəkirova öldürülür. Araşdırmalarla müəyyən edilib ki, 1986-cı il təvəllüdlü Həsrət Bəkirov ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovanı kəsici alətlə xəsarət yetirərək öldürüb.
  • Martın 10-da Mingəçevir şəhərində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızı öldürülüb. Qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.
  • Martın 26-da isə, Biləsuvar rayonu ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlili öldürülüb. Araşdırmalarla Sevil Əlilinin 1997-ci il təvəllüdlü Anar Məmiyev tərəfindən öldürüldüyü məlum olub.
  • Aprelin 7 -də Goranboy rayon sakini 1975-ci il təvəllüdlü Alidə Kazımova oğlu 2005-ci il təvəllüdlü Şahin Əmrahov tərəfindən öldürülüb.
  • Aprelin 28-də Abşeron rayonu ərazisində 1976-cı il təvəllüdlü Ağayeva Sevinc həyat yoldaşı Laçın Ağayev tərəfindən qətlə yetirilib.
  • Mayın 15 -də Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızı həyat yoldaşı 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu tərəfindən qətlə yetirilib.
  • İyunun 5-də Ağcabədi rayonu Hindarx qəsəbəsində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızı qardaşı 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğlu tərəfindən qətlə yetirilib.
  • İyunun 25-də Culfa rayon Bənəniyar kənd sakini 1980-ci il təvəllüdlü Muradova Elfanə Məhərrəm qızı qardaşı 1984-cü il təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlu tərəfindən küt alətlə qətlə yetirilib.
  • İyunun 26-da Gəncə şəhəri ərazisində 1979-cu il təvəllüdlü İlhamə Hüseynova həyat yoldaşı 1959-cu il təvəllüdlü Mahir Quliyev tərəfindən öldürülüb.
  • İyulun 27-də Ucar rayonunun Qazyan kənd sakini, 1993-cü il təvəllüdlü Rəvanə İsmayılova həyat yoldaşı, 1979-cu il təvəllüdlü Kamil Qarayev tərəfindən qətlə yetirilib.
  • Avqustun 17-də Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimova həyat yoldaşı 1968-ci il təvəllüdlü Həsənbala Rəhimov tərəfindən öldürülüb.
  • Avqustun 20-də Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızı oğlu 2003-cü il təvəllüdlü Çıraqov Rəşad Xalid oğlu tərəfindən öldürülüb.

Qeyd edək ki, bütün bunlar qeyri-dəqiq statistikadır və mətbuatda işıqlandırılan faktlar əsasında hazırlanıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Son xəbərlər
Bütün xəbərlər »