Amerikalı 14 yaşlı uşağın intiharına görə "Character.AI"ni məsuliyyət daşımaqda ittiham edən ana süni intellekt şirkətini məhkəməyə verib.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, ABŞ-ın Orlando şəhərində baş verən hadisədə 9-cu sinifdə oxuyan 14 yaşlı Sevell Setzer III intihar edib.
Gəncin ailəsi bu intihara görə "Character.AI" adlı süni intellektin məsuliyyət daşıdığını bildirib. Ananın sözlərinə görə, oğlu chatbotlarla danışmağa başlayanda özünü təcrid edib.
İddiaya görə, Setzer "Character.AI"ın rol oynama proqramındakı botlarla, xüsusən də "Dany" adlı botla emosional bağ yaradıb və ona davamlı olaraq mesaj göndərməyə başlayıb. Zamanla bu vəziyyət onu real dünyadan uzaqlaşdırmağa başlayıb.
İddiaya görə, Setzer də intihar düşüncələrini chat botuna etiraf edib, hətta ölümündən az əvvələ qədər botla mesajlaşmağa davam edib.
"Character.AI" oxşar vəziyyətlərin təkrarlanmaması üçün tədbir görüb. Şirkətdən verilən açıqlamada, xidmət şərtlərini pozan söhbətlərlə bağlı "təkmilləşdirilmiş aşkarlama, cavab və müdaxilə" kimi xüsusiyyətlər üzərində işlədiyini və istifadəçi bir saat söhbətdə qaldıqda bildiriş göndərdiyini bildirib.
Süni intellektli söhbət və dostluq botları artan bazardır. Digər tərəfdən, bir chatbot çox vaxt insanlara xoş gələn cavablar vermək üçün yaradılır və bu botlarla qurulan "dostluqların" insanların psixi sağlamlığına təsiri çox öyrənilməmiş bir sahədir.
Qeyd edək ki, yeniyetmə və gənclərin süni intellektən istifadəsi onların bilik və bacarıqlarının inkişafına səbəb olduğu kimi, müasir dövrün qaçılmaz yeniliklərinin xoşagəlməz fəsadlarla nəticələnməsi faktları da ortaya çıxır. Valideynlər övladlarının süni intellekdən hansı məqsədlə istifadə etməsini nəzarətdə saxlaması onların təhlükəsizliyi üçün çox vacibdir.
Qadir, Bizimyol.info






