Şuşanın karvansarayı XIX əsrdə “Şeytan bazar” deyilən ərazidə inşa edilib. Karvansara memarlıq üslubuna görə fərqlənir. Sonradan bu binada bazar fəaliyyət göstərib. Biz də Şuşa səfərimiz zamanı karvansara bazarını ziyarət etdik. Karvansaranın balkonunda Gövhərağa məscidi aydın şəkildə görünür. Bina daim istifadədə olduğu üçün demək olar ki, zərər görməyib, xarabalığa çevrilməyib.
Karvansara zamanında ən çox qonağı olan karvansara olub, hamının diqqətini üzərinə çəkib. Şuşalılar daha yaxşı bilər. Deyilənə görə, karvansara Hüseyn Mir Yusif oğlunun karvansarayı adlanırmış və zəmanəsinin alış-veriş mərkəzini xatırladırmış.
Bir qədər karvansaranı gəzib, yaxın-uzaq tarixə nəzər saldıqdan sonra, “Cıdır düzü”nü ziyarət etmək üçün yola çıxdıq. Vallah nə deyim, bu yollarda hər cür insan var. Məsələn, eşitdiyim bir ifadə mənə çox toxundu. Şuşa qalasının qarşısında foto çəkdirən bir qrup gəncin arasında danışılanlar mənə qəribə gəldi: “Məni elə çək ki, sanki Şuşanı mən almışam”... Düşüncəsizlikmi deyim, məsuliyyətsizlikmi deyim, nə deyim, bilmirəm. Ayağımızın altındakı torpağın hər zərrəsində şəhid qanı olduğu halda... Bəlkə də, mən bu mövzulara çox həssasam.
Ya da “Cıdır düzü” yaxınlığında gəzən orta yaşlılardan ibarət bir qrupda eşitdiyim cümlələr:
- “Qarşıda şəhidləri dəfn ediblər, gedək onlara baxaq”?!
- “Yox, soyuqdur”!
- “Gəzirik də”...
Yəqin ki, mən çox həssasam...
“Cıdır düzü” Şuşanın taleyinin həll olunduğu məkandır. Baxanda yer ayağının altından qaçır, dünya başına fırlanır... Bir havası var, buz kimi... Görəsən, Şuşanı işğaldan azad edən qəhrəmanlarımız belə soyuqda, o dağaları necə aşıb? Düşünməmək mümkün deyil. İnsanın gözü qarşısında kinolenti kimi canlanır...
Və... “ İsa bulağı”na doğru yola çıxırıq... “İsa bulağı”na gedən yol o qədər dumanlı idi ki... Bir an düşündüm ki, bu yol bitməyəcək. Nəhayət, İsa bulağına çatdıq. Buz kimidir, İsa bulağının suyu... Burada eyni adlı istirahət mərkəzi də var. Bulağın qarşısına qərənfillər düzülüb. Hər kəs bulağı ziyarət edir, suyundan içir, foto çəkdirir. Əslində hamı haqlıdır, 30 illik həsrət sona çatıb.
Şuşadan uzaqlaşırıq, qarşıda Xankəndi var. Xankəndi o qədər yaşıl, təmiz bir şəhərdir ki... Bilinir ki, düşmən niyə Xankəndidən vaz keçməyib. Binalar sağlamdır, hər tərəf yaşıllıqdır. Burada artıq sözün hər nənasında həyat var. Avtobuslar işləyir. Mağazalar, kafelər fəaliyyətdədir.
Açığı, Xankəndini Bakı ilə müqayisə etdim. Bakıda yaşıllığa həsrət qalmışıq. Halbuki Xankəndi uzun illır düşmən tapdağı altında olub, amma yaşlıllıqları qorunub saxlanılıb. Görünür, torpaqlarımızı illərlə işğal altında saxlayan düşmən öz həyatını və sağlamlığını bizdən çox düşünür. Ya da "Bakıda yaşıllıqları qırıb, ərazisini tikinti şirkətlərinə satanlar düşməndən də pisdir" deyim?! Bilmədim...
Xankəndi başımı döndürdü, belə gözəllik olmaz... Adı üzərində Xanın kəndi...
İradə Cəlil, Bizimyol.info






