Şuşa işğal ediləndə 10 yaşım vardı. Sadəcə böyüklərin dilindən eşidirdik ki, Şuşamızı ermənilər işğal edib. Biz Bakılı olsaq da, atam həyacan içində idi. Deyirdi ki, “itirə-itirə gedirik, bir də görəcəyik ki, ermənilər qapımızın ağzındadır”... Atam Şuşadan danışanda böyük həyacanla danışırdı, Cıdır düzünün keçilməzliyindən və Şuşa qalasının tarixindən söz açırdı. Bizim üçün Şuşanı görə bilmək baş tutmayacaq bir xəyal kimi idi.
“Görəsən Şuşanı görə biləcəyəmmi”-deyə bəzən düşünürdüm. Ötən günlərdə qismət oldu...
Bizi uzun bir yol gözləyirdi, amma deyirlər gərək adamın yol yoldaşı yaxşı olsun ki, yol gözə görünməsin. Bizdə də elə oldu. Söhbətlə, ötənlərdən-keçənlərdən danışa-danışa yolun necə keçdiyini hiss etmədik. Və nəhayət ilk post. İşğaldan azad olunmuş ərazilərə daxil olmaq üçün sənədlərimizi yoxladıqdan sonra bizə icazə verildi. Postdan bir qədər irəlidə bir daş abidə var. Müharibə zamanı oğullarımızın əksəriyyəti həmin yerdə şəhid olub, qazılmış səngərlər hələ də durur. Çoxu həmin yerdə ayaq saxlayır, “fatihə” oxuyur, şəkil çəkdirir. Biz də şəhidlərimizin ruhunu yad etdik. Axı, biz bu gün bu torpağa addım ata biliriksə və xəyallarımızı gerşəkləşdirə biliriksə, şəhidlərimizin qanı-canı bahasınadır. Bunu hər kəs anlasa, başa düşsə nə gözəl olardı. Bəlkə də o zaman heç kim içdiyi suyun şüşələrini də pəncərədən ətrafa ata bilməzdi...
Füzulidən keçdik. Yolumuz Şuşayadır. Şuşaya qovuşmaq üçün dağların qoynundan keçirik. Havada yağmur ətri var. Buludlara toxunsan ağlayacaq. Bir də bir duman var. Düşünürsən ki, bir qədər sürətli getsəm, bu yollar, bu dağlar məni udacaq. Ətraf o qədər sakitdir ki, avtomobilin mühərrikindən gələn səs belə insanı narahat edir. Bu sakitliyi heç nə pozmamalıdır axı...
Şuşaya daxil olmaq üçün bir post daha keçirik. Sənədlərimizə baxıb, Azərbaycan dilində “xoş gəlmisiniz” deyir polis əməkdaşı. O qədər nəzakətli, o qədər peşəkar... Güvəndə olduğunu hiss edirsən. Bilirsən ki, səni qoruyan oğullar var. Səhər-axşam ayaqüstə, xidmətdə... Bu insanları necə sevməyəsən, bu torpağı necə sevməyəsən? Yol polisləri belə qonaq olduğunu başa düşür, yollarda dayananda hara və necə getdiyini düşündüyünü də nəzərə alırlar.
Şuşada sürətli bərpa işləri gedir. Hər yerdə demək olar ki, tikinti aparılır. Şuşanın mərkəzində əksər əksər tarixi binalar dağıdılıb. Hətta dağıntıları, qalıqları belə doğma gəlir insana...
Öncə yolu soruşub Şuşa qalasına gedirik. İllərdir arzulayırdım ki, Şuşa qalasını görüm. Çox adam var, hamı çalışır ki, Şuşa qalasının önündə şəkil çəkdirsin. Çiyininə bayraqdan örtük edib foto çəkdirənlər də var, klip çəkdirənlər də, fotosessiya edənlər də...
Əslində, Şuşa Azərbaycanın baş ucalığıdır. Bugünkü kimi xatırlayıram, Paşinyanın Şuşadakı rəqsini və yaxud Şuşa sözünün əvəzinə “Şuşi” yazdıqlarını..
Şükür Yaradana, haqq yerini tapır. Bəzən xoşluqla olmur. Ədaləti ordumuz bərpa edə bildi, qan bahasına olsa da... Qalaya baxıb düşünürsən, İlahi, neçə-neçə oğullarımız canından, qanından keçdi. Ona görə müqəddəsdir, bu torpaqlar. Şəhid qanı ilə yoğrulub hər qarışı.
Deyirlər ki, Şuşa restoranlarında qiymətlər çox bahadır. Etiraf edək ki, deyilən kimi deyildi. Qiymət elə Bakı ilə eynidir. Heç də fərqi yoxdur...
Sonra Gövhər ağa məscidinin yanına gedirik. Məscidə yaxın yerdə yerləşən, əvvəllər “şüşəli bazar” deyilən binanı da gəzirik. Sanki tarixin səhifələrini vərəqləyirsən. Əslində mənfur düşmən torpağı mənimsəməyə çalışsa da, oradakı evləri və tarixi abidələri vəhşicəsinə dağıdıb, töküb. Sözün əsl mənasında hər yeri viran qoyub. Viran qoyduğun, dağıtdığın və sənin olmayan bir torpaqda qol götürüb oynamaq nədir? Bunu hələ də başa düşmürəm...
Növbəti yazımızda "şüşəli bazar"dan danışacağıq...
İradə Cəlil, Bizimyol.info






