Çində yerləşən avtomobil istehsalçısı "Chery" özünü idarə edən ilk uçan avtomobilini təqdim etdi.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, son illərdə sektorda baş verən yeniliklərlə birlikdə uçan avtomobillər getdikcə yaxınlaşaraq elmi fantastika dünyasını tərk edir.
Xüsusilə bu sahədə Çin şirkətləri liderlik etdiyi halda, başqa bir addım avtomobil nəhəngi "Chery"dən gəlib. Şirkət oktyabrın 18-də keçirilən konfransda "Quru və Hava Vasitələri" adlı uçan avtomobil prototipini nümayiş etdirib.
Elektrikli avtomobil sükan çarxı və ya qaz pedalı olmadığı üçün fərqlənir; avtomobil üç hissədən ibarətdir: uçmaq, ağıllı pilot kabinəsi və ağıllı təkərlər.
Hazırda inkişaf mərhələsində olan Quru və Hava Vasitəsi 80 kilometrlik sınaq uçuşunu uğurla başa vurub.
"Chery"nin avtonom uçuş və yerdə sürmə rejimləri arasında keçid edə biləcəyini söylədiyi avtomobilin tıxacda sürücülərin köməyinə gələcəyi gözlənilir. Avtomobil uçuş rejimində olduqda, şaquli olaraq qalxır və enir. Şirkətin əvvəlki açıqlamalarına görə, uçan avtomobil maksimum 1000 metr yüksəkliyə qalxa bilir. Maksimum saatda 120 kilometr sürətə çata bilən vasitənin uçuş müddəti təxminən 40 dəqiqədir.
"Chery" kimi şirkətlərin bir-birinin ardınca yeni avtomobillərinin sınaq uçuşları həyata keçirdiyini nəzərə alsaq, bunlar gözləniləndən daha tez yayıla bilər. Digər tərəfdən, ekspertlər bu avtomobillərin bazara çıxarılacağı təqdirdə ciddi təhlükəsizlik qaydalarına ehtiyac olacağını vurğulayırlar.
Aerokosmik mühəndislik sahəsində çalışan Dr. Pat Anderson deyir ki, uçan avtomobillərin qarşısındakı ən böyük maneələrdən biri iqtisadidir. Dr. Anderson hesab edir ki, bu avtomobillər çox güman ki, varlı bir neçə nəfərə məxsus olacaq.
Təhlükəsizlik qaydalarına ehtiyac olduğunu vurğulayan ekspert bu vasitələrin 10-20 ildən əvvəl geniş yayılacağını gözləmir.
Qadir, Bizimyol.info






