Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sərhəddimizdə müşahidə adı altında kəşfiyyat aparan Avropa İttifaqı, münasibətlərimizi təhlükəyə atır"
"Sərhəddimizdə müşahidə adı altında kəşfiyyat aparan Avropa İttifaqı, münasibətlərimizi təhlükəyə atır"

Bir neçə gün əvvəl, Prezident İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən “Avropa müşahidəçilər missiyası” barədə danışıb. İlham Əliyev vurğulayıb ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin Azərbaycanın razılığı olmadan uzadılmasıdır. “2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" qəbuledilməz və normal siyasi mədəniyyət standartlarından kənar idi"-deyə prezident bildirib. Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqı ilə bu məsələ qaldırılacaq.

Xatırladaq ki, Aİ missiyasının mandatının bitməsinə dörd ay qalıb. Ermənistanla Avropa İttifaqı arasında müqavilədə qeyd olunur ki, müşahidəçilərin (və ya kəşfiyyatçıların) mandatı daha iki il müddətinə uzadıla bilər.

Siyasi elmlər doktoru, alim, politoloq, Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının mülki missiyasının fəaliyyətinin birinci müddəti başa çatdıqdan sonra, ortaya heç bir hesabat və heç bir nəticə qoyulmadan missiyanın müddəti artıq ikinci dəfə artırıldı.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu

Politoloq bildirib ki, vaxtı ilə mülki missiyanın regiona göndərilməsi təklif olunanda buna razılığı Ermənistan verdi. Çünki Azərbaycan belə bir missiyaya ehtiyac duymurdu.

“Bizim mövqeyimiz aydın idi, şərtlərimiz var idi. Beynəlxalq hüquq normaları ilə tam uzlaşan və bizim şərtlər əsasında sülh müqaviləsinin bağlanılması da təklif edirdik. Mülki missiyanın regiona göndərilməsi Avropanın, Qərb strukturlarının regionda öz mövcudluqlarını təmin etməyə hesablanmışdı. Yəni bu da regionda mövcudluğun bir mexanizmi idi”-deyən politoloq hesab edir ki, Qərb tərəfindən mülki missiyanın müddətinin uzadılması iradəsi nümayiş etdirilərsə, Qərbin təsiri altında olan Paşinyan buna qarşı çıxmayacaq.

Elşad Mirbəşir vurğulayıb ki, biz zaman-zaman mülki missiya region ölkələrinə, xüsusilə də Azərbaycana qaraşı münasibətdə uyğun olmayan fəaliyyət göstərmələrini müşahidə etmişik.

“Ərazilərimizlə bağlı müşahidələr aparır, məlumatlar toplayır. Biz Ermənistan Azərbaycana qarşı təxribatlar törədən zaman da müşahidələr edirdik ki, Avropa İttifaqının mülki missiyası Ermənistanın çox operativ şəkildə Ermənistanın təxribatlar törətdiyi ərazilərdə olur, Ermənistanın lehinə və Azərbaycanın əleyhinə materiallar toplanılırdı. Sanki, bu təxribatların içində Avropa İttifaqının mülki missiyası da yer alırdı. Mahiyyət etibarilə düşünmək üçün kifayət qədər əsas var ki, Avropa İttifaqının mülki missiyası nə birinci fəaliyyəti müddətində, nə də ikinci fəaliyyəti müddətində heç bir əməli işlə məşğul olmadı. Onun fəaliyyəti kəşfiyyat məlumatlarını toplamaqdan ibarət oldu. İndi ikinci səlahiyyət müddəti dövründə Avropa İttifaqının mülki missiyasının hesabatı və fəaliyyətinin nəticəsi ilə bağlı məlumatlar çox maraqlı olardı. Biz indi gözləyək və nəticəni görək ki, onlar hansı məlumatları ortaya qoyacaqlar. O zaman artıq bizim mülki missiyanın əsas missiyası haqqında daha aydın təsəvvürlərimiz olacaq. Onsuz da təsəvvürlərimiz mövcuddur, müşahidələrimiz bu təsəvvürləri artıq formalaşdırıb”-deyə politoloq bildirib.

Elşad Mirbəşiroğlu qeyd edib ki, Avropa İttifaqı mütləq şəkildə Azərbaycanla münasibətlərinin və əməkdaşlığının xarakterini nəzərə almalıdır. Çünki bu missiya regiona göndərilirsə, təkcə Ermənistanla əlaqəli deyil.

“Əgər bu missiyanın fəaliyyətində Azərbaycanı narahat edən elementlər mövcuddursa, bunun mütləq şəkildə qarşısı alınmalıdır. Eyni zamanda Avropa İttifaqı mütləq şəkildə keçmiş münaqişə vəziyyətini və qarşı tərəfin mövqeyini nəzərə almalıdır. Yəni bu qarşılıqlı razılıq əsasında olmalıdır: “Ölkə prezidentinin də qeyd etdiyi kimi bununla bağlı Azərbaycana hər-hansı bir məlumat verilməyib. Deməli yenə də Ermənistan üzərindən Avropa İttifaqı öz mövcudluğunu Cənubi Qafqaz regionunda saxlamaqda israrlıdır. Ermənistanın isə buna qarşı gəlmə imkanları mövcud deyil. Amma bütün hallarda bu müşahidə missiyasının fəaliyyətinin sona çatmasına bir neçə ay qalıb. Bu fəaliyyətin nəticəsi olaraq hər-hansı bir hesabat olmalıdır. Məlumat olmalıdır ki, missiya hansı qənaətə gəlib. Bu missiyanın fəaliyyəti haqqında təsəvvürləri formalaşdıracaq. Missiyanın əsas elə missiyası elə ondan ibarət idi ki, regionda məlumatlar toplanılsın. Bir çox hallarda da bu məlumatların region ölkələrinə münasibətdə narahatlıq yaradan istiqamətlərdə istifadə olunması haqqında şübhələr meydana gəlirdi”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »