İqtisadiyyatın indiki vəziyyətinə daha şərh vermək də olmur. Bütün parametrlər üzrə geriləmə müşahidə edilir. İxrac gəlirləri o qədər azalıb ki, uzaq bir yana qalsın, yaxın gələcəklə bağlı proqnoz vermək olmur. Belə görünür, ilin sonundan başlayaraq çox çətin mərhələyə qədəm qoyacağıq. Hara əl atırıqsa, boşa çıxır. Bütün vacib sahələrdə gəlirlər azalıb.
Bizimyol.info xəbər verir ki, Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 74 milyon 547 min dollar həcmində 1 milyard 351 milyon kVt/saat elektrik enerjisi ixrac edib. Keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox azalma var. Ölkə elektrik enerjisi ixracından 255 milyon 891 min dollar daha az gəlir əldə edib. Həcmlə ifadədə isə 1 milyard 748 milyon kVt/saat azalma qeydə alınıb. Göründüyü kimi, 56 faizdən çox geriləmə rəsmiləşib.
Azərbaycan 2023-cü ilin ilk 9 ayı ərzində 3 milyard 100 milyon kVt/saat elektrik enerjisi ixrac etmişdi. Dəyərlə ifadədə 330 milyon dollardan söhbət gedirdi. Maliyyə müstəvisində danışanda inanılmaz geriləməni daha yaxşı görmək olur. Təsəvvür edin, gəlir 330 milyon dollardan 74,5 milyon dollara düşüb. Halbuki, ölkə iqtisadiyyatı elektrik enerjisinə çox güvənirdi.
Maraqlıdır ki, elektrik enerjisini daha ucuz satmağa başlamışıq. İndi elektrik enerjisinin hər min kVt/saatını 94 manatdan bir qədər ucuz qiymətləndiririk. Keçən il isə qiymət 181 manatdan baha olub. Səbəbləri barədə hər hansı açıqlama yoxdur. Hərçənd, çıxıb kimsə açıqlama verməlidir ki, niyə ixrac qiyməti əhaliyə təklif olunandan daha aşağıdır.
Yavaş-yavaş təbii qazdan da əlimizi üzürük. İlin ilk 9 ayı ərzində 6 milyard 75 milyon dollar həcmində 18 milyon 731 min kubmetr təbii qaz ixrac etmişik. Bu il daha ucuz satmalı olmuşuq. Buna görə də keçən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 333 milyon dollar daha az qazanmışıq. Həcmlə ifadədə isə 8,3 faiz azalma var.
Deyirdilər ki, çətin günləri arxada qoymuşuq. Deyəsən, indi bizi daha çətin günlər gözləyir.
Aytən, Bizimyol.info






