“Ermənistanın Azərbaycana qarşı hər hansı müharibə əməliyyatı aparmağa nə hərbi-texniki, nə də ordusunun mənəvi imkanı var. Lakin, bu, o demək deyil ki, Ermənistanın ümumi siyasi ab-havasında revanşizm yoxdur. Əksinə, müxtəlif qlobal güclər ermənilərin revanş hisslərinin qabardılması üçün əlindən gələni edirlər. Xüsusilə adında sülh sözü olan, əslində vaxtilə işğalçı olan ölkənin silahlandırılmasında vasitə olan “Avropa Sülh Fondu” və ya Avropa Müşahidə Missiyası adı altında, əslində kollektiv-Qərb (NATO) missiyası olan müşahidə korpusu, Fransa və s. dövlətlər tərəfindən Ermənistanın silahlandırılması burada mühüm rol oynayır. Həmçinin bu günlərdə ABŞ Konqresinin ən ermənipərəst üzvlərindən biri olan Adam Şiffin müəllifi olduğu, Azərbaycana qarşı təzminat iddiasını özündə əks etdirən qətnamə layihəsinin “Artsaxın gəlirlərinin bərpası” adlandırılması ondan xəbər verir ki, bir sıra qüvvələr nəinki Ermənistanın hərbi baxımdan gücləndirilməsini, həmçinin Azərbaycan tərəfindən tarixin zibilliyinə göndərilən qondarma rejimin gələcəkdə bərpasını umurlar”.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına danışıb. Politoloq qeyd edib ki, əslində onlar Ermənistanın əli ilə Cənubi Qafqaz regionunu yeni münaqişəyə hazırlayırlar.
Şəhla Cəlilzadə“Bu günlərdə MDB dövlət başçılarının zirvə görüşü üçün Moskvaya gedən Paşinyan Ermənistan-İran sərhəddindən rus sərhəd qoşunlarının 1 yanvardan tərk etməsini, Türkiyə ilə sərhəddinin Rusiya ilə birgə təşkilini Putinlə razılaşdırmışdır. Bu, o deməkdir ki, artıq Ermənistan sərhədlərinin qorunmasında artıq onun yeni “sahibləri” iştirak edəcək. Təsadüfi deyil ki, Rusiyadan bir sıra rəsmi şəxslər Ermənistanın davranışlarına münasibətdə açıq mətnlə tənqidi çıxış etmiş, Rusiya FSB-sinin rəhbəri Bortnikov Qərbin Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənməyə və gələcəkdə Rusiyaya təzyiq üçün əlavə rıçaqlar əldə etməyə çalışdığını və beləcə Ermənistanın çox məkrli oyunlara sürükləndiyi bəyan etmişdir”-deyə Şəhla Cəlilzadə bildirib.
Şəhla Cəlilzadə hesab edir ki, Prezident İlham Əliyevin işğaldan azad olunan ilk şəhərimiz Cəbrayılın azad edilməsi günündə bölgəyə etdiyi səfərdəki çıxışı Ermənistana və onu dəstəkləyən güclərə xəbərdarlıq xarakteri daşıyır: “Yəni, biz hər şeyi görürük, sülh gündəliyinə sadiq qalmaqla yanaşı, hər an müharibəyə hazırıq və aqressorların cəzalandırılması üçün 44 günlük müharibədə, yaxud 23 saatlıq lokal antiterror əməliyyatında olduğu kimi yenə də qəti addımlar atacağıq. Cənab Prezidentin dediyi sözlər: “Heç kim bizi çəkindirə bilməz. Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın, bu təhlükəli oyunları!”. Buna baxmayaraq Paşinyan Moskvada yenə də 80%-lik razılaşdırılmış mətn əsasında “çərçivə sülh sazişi” imzalamağı təklif etmiş, İlham Əliyev tam razılaşdırma olmadan sülh olmayacağını bildirmişdir”.
Politoloq hesab edir ki, Ermənistan sülh gündəliyindən (şərtlərdən) yayınaraq, yenidən münaqişə ocağını alovlandırmağa çalışan qüvvələrin təhlükəli oyunlarına alət olarsa “Cənubi Qafqazın Ukraynası” ola bilər.
İradə Cəlil, Bizimyol.info






