“Ermənistan oktyabrda Azərbaycanla sülh müqaviləsi layihəsini imzalamağa hazırdır”. Bunu baş nazir Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının görüşü zamanı deyib. Paşinyan fundamental məsələlər arasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, eləcə də ərazi iddialarının olmamasının təsdiqini və gələcəkdə onları irəli sürməmək öhdəliyini qeyd edib. Amma təklif edilən sülh müqaviləsində Azərbaycanı razı salmayan məqamlar var…
Azərbaycan Ermənistandan nə gözləyir?
“Ağ Partiya” başqan müavini, politoloq Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın COP 29-un istədiyimiz kimi keçməsini, ABŞ-dakı seçkiləri və uyğun beynəlxalq şəraiti gözləyib hərəkət edəcəyini düşünür: “Bu hərəkət hərbi aqresiya, sülhə təhrik etmə və növbəti hərbi əməliyyatımızla olacaq. Bu da çox risklidir. Azərbaycan müasir tarixində yeni səhifə açır. Bu dönəm həm dövlət olaraq, həm xalq olaraq, həm də hakimiyyət olaraq çox riskli və keçid dönəmi olacaq bizim üçün. Biz bu dönəmi keçə bilsək, Azərbaycan ən azı 50-100 illik erməni problemini həll edə bilər”.
Əhəd MəmmədliƏhəd Məmmədli qeyd edib ki, ən azı Zəngəzurun Mehri hissəsinin ata-baba yurdumuza birləşməsinə nail ola bilərik.
“Bu prosesdə çox diqqətli, ehtiyatlı olmalıyıq. Beynəlxalq səviyyədə güclərin bizim yanımızda olmadığını görürük. Ola bilsin ki, dünyada ermənilərin tərəfdarları daha çoxdur, amma real olaraq bizim tərəfdarlarımız bu məsələdə daha təsirlidir. Ona görə də biz hərəkətə keçmək üçün təsirli tərəfdarlarımızı çoxaltmalıyıq”-deyən Əhəd Məmmədli bildirib ki, Ermənistan Azərbaycandan həmlə gözləyir və ona görə də sülh müqaviləsinin tez imzalanmasına çalışır.
“Paşinyanın Moskvada dediklərinə əsasən, sülh müqaviləsi demək olar ki, hazırdır. Bəzi bəndləri çıxmaq şərti ilə imzalamaq olar. Amma İlham Əliyev “baxarıq” dedi. Ermənistanın mövqeyi odur ki, özünü qoruyub, sülh müqaviləsini imzalasın. Azərbaycanın onun ərazi bütövlüyünü tanımasını istəyir ki, Azərbaycandan növbəti həmlələrin qarşısını ala bilsin. Azərbaycan da təbii ki, bu şərtlərlə sülh müqaviləsi imzalamaq istəmir. Çünki, bu çərçivədə öz üstünlüyünü görür və bunu tam şəkildə həyata keçirmək istəyir. Mənim fikrimcə, də doğrusu budur”-deyə Əhəd Məmmədli vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






