Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konqresmenlərin qalmaqallı müraciəti və "siyasi fizika"nın birinci qanunu
Konqresmenlərin qalmaqallı müraciəti və "siyasi fizika"nın birinci qanunu

Azərbaycan Milli Məclisinin bir qrup deputatı ölkənin xarici işlər naziri Ceyhun Bayramova müraciət edib. Müraciət müəllifləri Azərbaycanla ABŞ arasında əvvəlki illərdə imzalanmış bir sıra sazişlərin ləğv olunmasını təklif ediblər. Hardan baxsaq, məntiqli gedişdir. Bu fizikada Nyutonun üçüncü qanununa uyğun gəlir: təsir əks təsir yaradır. Ancaq bu, siyasətin birinci qanunudur.

Azərbaycan deputatlarının bu addımı da "siyasi fizika"dır; oktyabrın 3-də ABŞ Konqresmenlərindən bir qrupunun dövlət katibi Entoni Blinkenə yazdığı müraciətinə assimmetrik cavab kimi düşünülüb. Məlum olduğu kimi, Senatın 10, Nümayəndələr Palatasının 48 üzvü dövlət katibi Blinkendən Azərbaycana qarşı "hiss oluna bilən", yəni təsirli cəza tədbirləri görməyi tələb edib. Həm də bunu COP 29 iqlim konfransı ərəfəsində etməyi istəyiblər. Bu olayın metafizikadan yanaşsaq, səbəblər və mümkün nəticələr haqda mülahizə yürüdə bilərik.

Baxıram, bunu Ermənistan revanşistləri və Azərbaycanda Qərbpərəst müxalifət məmnunluqla qarşılayıb. Hərçənd heç bir normal Azərbaycan vətəndaşı bu sənədi razılıqla qarşılamamalıdır. Müxalifətin "İlham Əliyev hakimiyyətinin əleyhinə" yönəlmiş bir addım kimi təqdim etdiyi bu müraciət, əslində, bütövlükdə Azərbaycana qarşı bir provokativ layihədir. Bu səbəbdən, Azərbaycan prezidenti Cəbrayıldakı çıxışında Konqresmenlərin həmin müraciətini "iyrənc" adlandırdı.

Doğrudan da, mətni oxuduqda, iyrənc üslub və məkrli məramlar açıq-aşkar görünür. Müraciəti bütövlükdə təhlil etmək uzun çəkər. Sadəcə, bir-iki misal gətirəcəm.

Məsələn, müraciətdə işlədilən "Dağlıq Qarabağın siyasi liderləri" ifadəsi. Burda Qarabağdakı məlum separatçı hərbi xuntanın başçıları nəzərdə tutulur. Araik Arutyunyan, Arkadi Qukasyan, Vardanyan, Saakyan və sair. ABŞ Konqresmenləri onları "siyasi lider" adlandırır. Əvvəla, "Dağlıq Qarabağ" deyə coğrafi bir anlayış yoxdur, o da ola bu adda siyasi coğrafiya. İkincisi, 2023-cü ilin sentyabrın 20-ə qədər kağız üzərində mövcud olmuş separat qurumlar daha bir kağızla özünü buraxıb. O rejimin Qarabağda keçirmiş olduğu qanunsuz, saxta "referendum"ları, "seçki"ləri, bunların nəticələrini heç bir dövlət (eləcə də,ABŞ), heç bir dövlətlər qrupu (o cümlədən, Avropa İttifaqı), heç bir beynəlxalq təşkilat (o cümlədən, BMT, ATƏT, Avropa Şurası və sair) tanımayıb. Deməli, ABŞ-a görə, Qarabağda hər hansı bir avtonom siyasi sistem olmayıb. Elə isə Konqresmenlər üçün "Dağlıq Qarabağın siyasi liderləri" hardan peyda oldu?! Bəs müxalifətin bəzi kəsimləri niyə bu müraciətə sevinir?! Axı biz əli dirsəyinə qədər Azərbaycan xalqının qanına batmış bu şəxslərin həbsinə hamılıqla sevinmişdik! Gəncəni, Bərdəni, Tərtəri... bombardman edənlər tutulub Bakıya gətiriləndə haqlı olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə, bu quruma müvafiq tapşırığı vermiş Ali Baş Komandana yenə də hamılıqla - iqtidarlı, müxalifətli, bitərəfli olmaqla alqış tutmuşduq. İndi nədən bəzilərimiz bu müharibə canilərini "siyasi liderlər" adlandıran Konqresmenlərə "dəm tutur"?! Müraciəti alqışlayanlar Azərbaycanın Qarabağda apardığı lokal antiterror əməliyyatının bu bədnam sənəddə "hərbi təcavüz" adlandırmasını nədənsə "gözdən qaçırıblar". Ya da elə özləri də bu fikirdədir. Başqa cür şərh etmək mümkün deyil.

Yaxud götürək müraciətdəki "etnik təmizləmə" ifadəsini. Bu, Azərbaycana qarşı nəinki əsassız ittihamdır, hətta ən iyrənc böhtandır. Axı hər şey bütün dünyanın gözü qarşısında və qulağının dibində baş verib! Qarabağdan erməni əhali könüllü olaraq, deyə-gülə gedəndə, hətta baş verənlərə görə özlərini, yerli xuntanı və Ermənistanı günahlandıranda, bunu da bütün dünya izləmiş və dinləmişdi. Üstəlik bütün dünya Azərbaycanın birinci şəxsinin öz dilindən bir dəfə deyil, bir neçə dəfə Qarabağ ermənilərinə qalıb Azərbaycanda yaşamaq çağırışlarını da eşitdi. Nəhayət, dünya bunu da öz gözləri ilə görür ki, Azərbaycan hakimiyyəti həmin şəxslərin - könüllü köçkünlərin geriyə qayıdıb ölkəmizdə yaşaması üçün onlayn portal açıb. Sadəcə, bir tələb var: Azərbaycanın Konstitusiyası və qanunları çərçivəsini qəbul etmək, vətəndaşlığa keçmək. Bunun harası "etnik təmizləmə" oldu?!

Bəli, Qarabağda etnik təmizləmə olub. Ancaq bu ermənilərə qarşı deyil, azərbaycanlılara qarşı olub. Sübutu: Quqark, Xocalı, Qaradağlı, Meşəli, Ağdaban... Kütləvi qətliamlar. Hələ də Qarabağda azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqlar aşkarlanır. Hələ azərbaycanlılar indi-indi, hissə-hissə Qarabağa - öz yurdlarına qayıdır. Budur etnik təmizləmənin nəticələri. Bir çırtma belə vurulmadan, bir nəfərin belə burnu qanamadan könüllü köçüb getməsini "etnik təmizləmə" adlandıranlar necə insan hüquqlarından, haqqdan-hüquqdan ədalətdən danışa bilər?! Bu qədər də riyakarlıq olmaz, axı. Bu, həm insani, həm də siyasi riyakarlığın son həddi olsa gərək.

Konqresmenlər bununla da kifayətlənməyiblər, Müraciətdə belə bir provokativ ifadə işlədiblər: "Azərbaycanda həll olunmamış ərazi münaqişələri".

Bu, deyəsən, lap ağ oldu. Hansı ərazilər, hansı münaqişə?! Azərbaycan öz ərazisindəki işğala özü son qoyub. Münaqişəni hərbi və siyasi yollarla, milli qanunlar çərçivəsində, beynəlxalq humanitar hüquqa əsaslanaraq həll edib. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini özü icra edib. Dünyanın "gücü çatmayan" işi özü təkbaşına görüb. Əlbəttə, müttəfiqlərin mənəvi və siyasi dəstəyi olub. Ancaq torpaqları Azərbaycan əsgəri, Azərbaycan dövləti vuruşaraq azad edib. Məsələ bitib. Qalıb Ermənistanla sülh müqaviləsi bağlamaq, onu da Azərbaycan Ermənistana təklif edib. Hətta sülh sazişinin mətnini də Azərbaycan tərəfi özü yazıb göndərib. Daha hansı "ərazi münaqişəsi" haqda söhbət gedə bilər?!

ABŞ Konqresmenləri hətta erməninin özündən artıq erməni olmağa çalışıb: Ermənistanın baş naziri Nikol Paşinyan özü Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanıdığını bəyan edib. Üstəlik, "Qarabağ, Azərbaycandır" deyib. Ancaq Amerika Konqresmenləri "münaqişə bitməyib" deyə höcətləşir. Necə deyərlər, it əl çəkib, motal əl çəkmir. Məqsəd məlumdur: Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik etmək. O halda Moskva istər-istəməz Cənubi Qafqazda hərbi münaqişəyə cəlb olunacaq. Bu, Rusiyaya qarşı cənub cinahından ikinci cəbhə açmaq, onun gücünün bir hissəsini Cənubi Qafqaza yönəltmək və Ukraynada irəliləməsini dayandırmaq üçün düşünülüb. Başqa sözlə, Ermənistanın özünü, Azərbaycanı dağıtmaq hesabına, Ukraynanı və Avropa İttifaqını rus işğalından qorumaq.

ABŞ Konqresmenlərinin müraciətinin eyforiyasını yaşayan müxalif Azərbaycanlılar, görəsən, bu planlara da şərikdirmi?! Azərbaycanın dağıdılması hesabına olsa belə, hakimiyyət dəyişikliyinə tərəfdar çıxırlar demək?! Dövlət dağılsa da olar, təki İlham Əliyev dövlət başçısı olmasın, eləmi?!

Xatırladım: bu cür düşünənlərin dövlətləri gözümüzün qarşısında dağılıb getdi. Həm də təkcə Yaxın Şərqdə, Şimali Afrikada deyil...

Yoxsa Qərbin antiRusiya tələsində Ukrayna kimi biz də yem olmaq istəyirik?!

Məncə, yox! Bu, elə bir aydın gerçəkdir ki, xalqın adından əminliklə deyə bilərik: xalq Azərbaycanın Ukraynaya çevrilməsini istəmir. Heç bir halda istəmir. Ermənistan istəyirsə, özü bilər, hələ də kağızda müttəfiqi olaraq qalmış Rusiya bilər...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »