“2020-ci ilin oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunması qazandığımız qələbəyə aparan yolun başlanğıcı idi. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı. Cəbrayıl bütövlükdə işğaldan azad edildi. Şanlı Zəfər tarixinin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsiylə oldu”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, Cəbrayıl rayonunun işğalı nəticəsində maddi-mədəni abidələrimiz dağıdılmış, məqbərələr, türbələr, qalalar, məscidlər məhv edilmişdir. Lakin dövlətimizin diqqət və qayğısı nəticəsində bu abidələr qısa müddətdə bərpa edilərək, doğma sakinlərinə təhvil verilmişdi.
Müşfiq Cəfərov“Doğma torpaqlarımızın öz əzəli sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir. Məhz Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz sayəsində əsrlər boyu yaddaşlardan silinməyən Zəfər tarixini yazıldı. Müharibə bitər-bitməz, 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna getdilər. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var”-deyə deputat bildirib.
İradə Cəlil, Bizimyol.info






