Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"BMT qətnamələrini saymayan Ermənistan üçün tərəfli dairələrin tapşırığı ilə qərəzli hesabat açıqlanır"
"BMT qətnamələrini saymayan Ermənistan üçün tərəfli dairələrin tapşırığı ilə qərəzli hesabat açıqlanır"

BMT-nin həqiqətin, ədalətin, təzminatın və təkrarlanmamanın təminatlarının təşviqi üzrə xüsusi məruzəçisi Fabian Salviolinin Azərbaycanın “Dağlıq Qarabağ”da apardığı “etnik təmizləmə” və insanların “məcburi köçkünlüyü”nə dair qərəzli hesabatı açıqlanıb. Fabian Salvioli hesabatında öz qərəzli möveqyini açıq şəkildə ortaya qoyub.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, BMT bu gün demokratiyanı insan haqlarını, sülhü, əmin-amanlığı sözlə ifadə etsə də, çox təəssüflər olsun ki, çox vaxt biz bunun əksini görürük.

Tahir Rzayev Tahir Rzayev

“BMT Təhlükəsizlik şurası erməni silahlı birləşmələrinin Azərbaycandan çıxarılması haqqında 4 mühüm qətnamə qəbul elədi, ancaq bunun heç birinə əməl olunmadı və Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirməli oldu. Erməni təcavüzkarları Qarabağdan ordumuzun gücü, xalqımızın birliyi nəticəsində çıxarıldı. Bu gün də BMT təcavüzkarların yanındadır bir çox hallarda onları müdafiə edir. Fabian Salviolinin Azərbaycanın “Dağlıq Qarabağ”da apardığı “etnik təmizləmə” və insanların “məcburi köçkünlüyü”nə dair qərəzli hesabatı bunu deməyə əsas verir. Bu hesabat sözsüz ki, ermənipərəst dairələrin tapşırığı ilə hazırlanıb və bu gün Fabian Salviolini bunu BMT kürsüsündən bəyan edir. Xüsusi məruzəçi kimi təyin olunub. Ancaq BMT rəsmiləri bilməlidirlər ki, 30 il Azərbaycan torpaqları işğal altında qaldı, 1 milyondan çox insan öz ata-baba yurdlarından didərgin oldu, 250 min Azərbaycanlı etnik təmizlənməyə məruz qaldı və Ermənistan torpaqlarından qovuldu. Ancaq Qarabağda yaşayan erməniləri heç kim öz ev eşiklərindən çıxarmadı, onlar könüllü olaraq, Azərbaycan qanunlarını qəbul etmədiklərinə görə, təcavüzkarların yanında olduqlarına görə, öz ev-eşiklərini könüllü şəkildə tərk edib, Ermənistana köçdülər. Bunu sənədlər sübut edir. Çəkilən videolar görüntülər hamısı təsdiq edir ki, ermənilər özləri gülə- gülə həmin torpaqları tərk etdilər. Onlarda belə bir güman var idi ki, BMT onlara yüksək qaçqın statusu verəcək, “artsax”ı dövlət kimi tanıyacaq və bundan sonra “artsax” xalqı öz müqəddəratını təmin edib, Qarabağda yenidən məskunlaşacaqlar, ancaq belə olmadı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində işlər elə təşkil olundu ki, deyilən bütün ittihamlar heçə endi. Beynəlxalq təşkilatlar heç bir tutarlı fakt tapıb, Azərbaycana qarşı müəyyən təsir mexanizmlərini həyata keçirə bilmədilər”-deyə deputat bildirib.

Tahir Rzayev qeyd edib ki, bu gün Fabian Salviolinin hazırladığı bu məruzə eləcə də, Ermənistanı “artsax xalqı” və ya “artsax dövləti” kimi adlandırması beynəlxalq normalara ziddir və Azərbaycana qarşı siyasi təhdiddir, eyni zamanda diplomatiyada bir riyakarlıqdır.

“Bunu hamı bilir və bütün bu təxribat-böhtan kampaniyası bir mərkəzdən idarə olunur və bu günlərdə də AŞPA -nın sessiyasında yenə də Frank Şvaber Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib, o da Fabian Salviolini kimi erməni faşistlərinin yanında olduğunu bəyan edib. Bildirib ki, Azərbaycanda siyasi məhbuslar var Azərbaycanda mətbuat azadlığı yoxdur. Ermənistanlılara qarşı soyqırımlar törədilib, onlar genosidə məruz qalıblar və öz torpaqlarından didərgin salınıblar. Bütün bunlar çirkin, siyasi kampaniyanın bir təzahürüdür və bir mərkəzdən idarə olunur. Ancaq BMT Avropa İttifaqı, AŞPA özündə qətiyyət tapmalı və haqqı-ədaləti müdafiə etməlidir. Artıq insanlar bu təşkilatlara inanmırlar və haqlı olaraq bu cür bəyanatlarla beynəlxalq təşkilatların rolu dünyada çox zəif və aciz qiymətləndirilir”-deyə Tahir Rzayev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »