Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
27 sentyabr - hamının doğulduğu gün
27 sentyabr - hamının doğulduğu gün

Bu gün sentyabrın 27-dir. Həmin o 27 Sentyabr! Baxıram, sosial şəbəkədə dostluğumda olan bir çox insanın doğum günü bu gündür. Bu gün "Vətən Müharibəsi" dediyimiz o 44 günlük savaşın ilk şəhidlərinin ölüm günüdür həm də.

Bu günü biz Anım günü deyə şəhidlərimizin hamısına həsr etmişik. Heç unudulmasalar da, bunu simvolizə edən bir günə, bir tarixə ehtiyac var. Ona görə bu günü Anım günü olaraq seçdik, təqvimə yazdıq. Bizim hamımızın doğum tarixi var, zamanı çatanda ölüm tariximiz də olacaq. Keçmişimiz də var, kiminin az, kiminin çox yaşayacağı gələcəyi də var. Bizə aid tarix var, amma biz Tarixə aid deyilik. Şəhidlər, dahilər, aqillər, qəhrəmanlar... onlardır Tarixə məxsus olan. Onların yaşadığı və yaşamadığı hər gün tarixdir. Onlar gələcəyin tarixidir. Gör, Konfutsi Çində nə zaman yaşayıb, nə zaman ölüb! Amma kəlamları bu gün də bəşəriyyətin yoluna işıq salır. Gör, torpaq üçün nə qədər adam canını verib gedib. Amma xatirəsi həmişə təzə qalır.

Bu gün doğum günü olanlar təbrik alanlar, bilmirəm, nə hisslər keçirir?! Bilmirəm, ad günü sevincinin ortasında bir üzüntü, gizilti də duyurlarmı?! Axı bu gün doğulanlar yaşasın deyə, neçə insan bu gün şəhid olub. Qarışıq duyğudur. Kiminin ad günüdür, kiminin həyatda son günü, bunlar öz yerində. Ancaq 27 sentyabr, məncə, elə hər birimizin bir azca doğum günüdür. Təkcə 27 sentyabr yox, ondan əvvəl də, ondan sonra da hər əsgərimizin, hər zabitimizin vurulub torpağa düşdüyü gün salamat qalan hər kəsin doğum günüdür. Sənin torpağının azadlığı üçün döyüş əmri verilir. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayır. O gün və sonrakı hər gün biz hamımız yenidən doğuluruq. Hər qələbə ilə gözümüz bir az da işıqlanır, nitqimiz bir açılır, ruhumuz bir az da təzələnir, əyilmiş qəddimiz bir az da dikəlir... Hər gün bir az dirilirik, dirçəlirik, canlanırıq...

Hər döyüş, hər qələbə həm də nə qədər oğul itkisidir. Şəhid xəbəridir. Ana naləsi, ata harayı, övlad fəryadıdır. Hər qələbə həm də Vətənin doğum ağrısıdır. 27 sentyabr buna görə, sadəcə, şəhidlərin Anım günü deyil, həm də Azərbaycanın yenidən doğulduğu gündür. 27 sentyabrdan əvvəlki biz yoxuq artıq, 27 sentyabrdan sonrakı biz varıq. Artıq tariximizin bu günü var. O savaşda şəhid olub bu dünyadan gedənlər bu dünyada qalanlara oğul borcunu canları ilə ödədi, getdi. İndi isə qalanların onlara ata borcunu, qardaş borcunu, bacı borcunu ödəmək məqamıdır. Çox bir şey də istəmir ki bizdən şəhidimiz! Sadəcə, xatırlanmaq istərlər. Xatırlanmaq və ruhuna bir dua istər. Həyatda qalan yaxınlarına bir diqqət, şəfqət istər. İnsan üçün ən şirin olan canın qarşılığında bunlar nədir ki, əsirgəyək!

Tanrı bütün şəhidlərimizin ruhunu şad, məkanını cənnət eləsin! Qazilərimizə şəfa və uzun ömür nəsib etsin! Borcları ödənməz!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »