“ABŞ vitse-prezidentinin erməni icmasına ünvanladığı məktubda “Dağlıq Qarabağ” a qayıdış ifadəsinin özü hüquqa ziddir. Ən azından ona görə ki, həmin separatçı qurum özü özünü (“prezident”lərinin imzası ilə) buraxmışdır. İkincisi, erməniləri oradan heç kim güclə qovmamış, özləri könüllü və təşkilatlanmış şəkildə əraziləri tərk etmişlər. Üçüncüsü, Ermənistan dövləti, Qarabağ ermənilərinin bir hissəsini öz ərazisində məskunlaşdırmış, digərlərinin əksəriyyəti daimi yaşayış üçün üçüncü ölkələri seçmişlər. Keçirilən sorğular da göstərir ki, onların əksəriyyəti geri qayıtmaq fikrində deyillər”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputatın sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması qlobal güclərin planları ilə uzlaşmır. Regionun nəqliyyat-logistika, kommunikasiya imkanlarına nəzarət uğrunda gərgin mübarizə aparan həmin güclər, ənənəvi “erməni kartı”ndan öz məqsədləri üçün istifadə edirlər. Deputat hesab edir ki, burada zəif bənd, müstəqil siyasət apara bilməyən, diasporadan və lobbi təşkilatlarından asılı qalan dövlət Ermənistandır: “Ermənistanı silahlandırmaqla, Azərbaycanı daim gərginlikdə saxlamaq istəyirlər. Müxtəlif beynəlxalq təşkilatlar, ictimai qurumlar, mətbuat orqanları vasitəsilə Azərbaycan əleyhinə ideoloji təxribatlar aparılır. Bu barədə Prezident İlham Əliyev Milli Məclisdəki çıxışında ətraflı məlumat vermişdi. Kamala Harrisin məktubundakı fikirlər təəssüf hissi doğurur. Əgər xanım Harris ədalət axtarışındadırsa, ədalət bir tərəfli olmur. Erməni qaçqınların Qarabağa qaytarılmasından söhbət gedirsə, Qərbi Azərbaycandan olan qaçqınlar niyə öz yurdlarına qayıtmasın. Fərq nədədir. Nəzərə almaq lazımdır ki, ermənilərdən fərqli olaraq, azərbaycanlılar Ermənistan vətəndaşlığını qəbul edirlər. Burada, qərəzli yanaşma və həmişə olduğu kimi ikili standartların təzahürləri görünür”.
Nəsib MəhəməliyevNəsib Məhəməliyev qeyd edib ki, bu davranış Azərbaycanın dövlət suverenliyinə hörmətsizlikdir.
Deputat vurğulayıb ki, təəssüf doğuran digər məsələ də separatçıların nümayəndələrinin ABŞ konqresinə dəvət edilməsi və antiAzərbaycan dinləmələrinin təşkil olunmasıdır: “Azərbaycan müstəqillik əldə etdiyi gündən ABŞ ilə iqtisadi, siyasi, nəqliyyat, logistika, mədəni, humanitar, təhlükəsizlik və s. sahələrdə sıx əməkdaşlıq etmiş, beynəlxalq terrrorçuluqla mübarizədə bu ölkənin yanında olmuşdur. Ancaq Bayden administrasiyasının son addımları iki ölkə arasında formalaşmış münasibətlərə zərər verir”.
“Düşünürəm ki, özünü təsdiq etmiş bir məsələni xatırlatmaq yerinə düşər. “Xəstəliyin müalicəsi, düzgün qoyulmuş diaqnozdan keçir”. Diaqnoz sadədir. Ermənistan qonşularına qarşı ərazi iddialarından imtina etməli, konstitusiyasında müvafiq maddələrə düzəliş etməlidir. Bax, bunu ABŞ Ermənistandan tələb etməlidir”-deyə deputat vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ABŞ-ın erməni icmasına məktub göndərərək Ermənistanı Müstəqillik Günü münasibətilə təbrik edib. Harris məktubunda erməni soyqırımını xatırladıb, həmçinin "Dağlıq Qarabağ"dan didərgin düşmüş ermənilərin geri qayıtmasının vacibliyini vurğulayıb və bunun regionda sabitliyin bərpası üçün vacib şərt olduğunu qeyd edib.
İradə Cəlil, Bizimyol.info






