Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Texnologiyanın uçduğu dövrdə internetin sürətinə görə Nikaraqua, Banqladeş, Burkina-Fasodan geridəyik
Texnologiyanın uçduğu dövrdə internetin sürətinə görə Nikaraqua, Banqladeş, Burkina-Fasodan geridəyik

Ölkədə genişzolaqlı internetin minimal sürətinin artırılmasını, dünya standartlarının təbiqini bəhanə gətirərək qiyməti yüksəltdilər. İndi ucqar kəndlərdə də abonentlərdən azı 25 manat yığılır. Müşahidələr də, mütəxəssislər də müştəriyə vəd olunan sürətin verilmədiyini bildirir. Hətta bunun mümkünsüz olduğunu deyənlər də çoxdur. Çünki texniki-texnoloji imkanlar məhduddur.

Bizimyol.info xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi abonentlərə 100 Mbit/s-dən aşağı internet xidməti göstərilmədiyini iddia edir. Bunun belə olmamasına əminlik üçün elə yazını oxuyanda evdə yoxlaya bilərsiniz. Biz yoxladıq, göstərici 30,48 Mbit/s oldu. Gözləniləndən 3 dəfədən də çox zəif internet imkanının əldə olunması üzə çıxdı.

“Speedtest”in araşdırması Azərbaycanın dünyada internet sürətinə görə 104-cü yeri tutmasını deyir. Ölkədə orta sürət 45,47 Mbit/s olur. Yəni nazirlik də, provayderlər də bizi aldadır.

İnternetin orta sürətinə görə çox zəif iqtisadiyyatı olan ölkələrdən də geri qalırıq. Siyahıda bizdən irəlidə Nikaraquanın, Banqladeşin, Kambocanın, Monqolustanın, Mavrikinin, Burkina-Fasonun, Dominikanın, Nepalın adları gözə dəyir. Afrika ölkələrindən necə geri qalmağı bacarmışıq, baş açmaq olmur. Bəs yeni standartlar tətbiq etməmişdik? Danışanda Moldovanı bəyənmərik heç. Bu postsovet ölkəsi siyahıda 40-cı pillədə qərarlaşıb.

“Speedtest” deyir ki, hələ indi şükürlüyük. Əvvəlki illərdə sürət xeyli aşağı olub. Məsələn, 2019-cu ildə Azərbaycandakı internetin orta sürəti heç 17 Mbit/s-ə çatmırmış. Bir növ 100 Mbit/s vəd etməklə əvvəl təqdim olunduğu deyilən sürəti verməyə başlayıblar.

Siyahıya Birləşmiş Ərəb Əmirlikləri başçılıq edir. Sürət dodaq uçuqladır – 297,62 Mbit/s. Sinqapurda da təxminən bu qədərdir. Sonrakı yerləri Honkonq, Çili və ABŞ tutur. Danimarka, İsveçrə, Yaponiya, Kanada, Niderland kimi həsəd aparılacaq ölkələr də ilk 20-likdədir.

Ümumiyyətlə, dünyada cəmi 47 ölkənin orta internet sürəti 100 Mbit/s həddinə çatır. Yəni bizdə ağ yalan danışmaqla qiyməti qaldırıblar. Hər ölkə bu həddi aşa bilmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »