"Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin... Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik. Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin".
Bunu Prezident İlham Əliyev sentyabrın 23-də Vll çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib. Beləliklə, prezident Qərb güclərinin Ermənistan vasitəsilə Cənubi Qafqaza daxil olmasını bu ölkənin özünə və qonşularına təhdid mənbəyi kimi qiymətləndirib. Ad çəkməsə də, Ukraynanın vəziyyəti misal göstərilib. Qərb dövlətləri öz maraqlarını təmin etmək üçün Ukraynaya daxil oldu, onu qonşu (hətta qardaş!) Rusiya ilə toqquşdurdu. Nəticədə ən çox zərər çəkən Ukrayna oldu. Avqustun əvvəlində Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya ərazisinə müdaxiləsini bəzi Qərb dövlətləri Ukraynanın özünü müdafiə etmək hüququ ilə izah etdi. Bu, artıq yeni - fərqli bir təhlükəsizlik siyasəti narratividir. Bir dövlət öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün hətta başqa dövlətin ərazisində hərbi əməliyyat apara bilər və təhdid mənbələrini vurub dağıda bilər. Bunu ABŞ və Avropanın böyük dövlətləri deyir. Ona görə də prezident İlham Əliyevin "əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq" deməsi bu narrativə tamamilə uyğundur.
Əlbəttə ki, prezidentin çıxışındakı bu cümlə qarşı tərəfdə kontekstdən çıxarılaraq, başqa cür təqdim edilir; Azərbaycanın guya Ermənistana hərbi müdaxilə təhdidi kimi şərh olunur. Kontekst isə açıq-aydındır: əgər Azərbaycana real təhdid olsa. Ermənistan bir yandan razılaşdırılmış müddəaları sülh sazişi kimi ortaya atıb, guya sülh sazişi imzalamağa hazır olduğunu deyir, o biri yandan isə, Fransa, ABŞ, Hindistan və sair ölkələrdən, eləcə də, ənənəvi sponsorundan - Rusiyadan yeni silah-sursat alır. Bu gün Ermənistanın xarici işlər naziri Ararat Murzoyan da BMT tribunasından: "sülhə hazırıq" deyir.
Sülhə hazır olan ölkə niyə bu qədər sürətlə silahlanır. Dildə-sözdə sülhə, əməldə müharibəyə hazırlaşırlar. Bunu prezident İlham Əliyev də öz çıxışında tam ifşa edərək belə dedi: "Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır".
İndiyədək Ermənistanda "revanşistlər" ayrı-ayrı siyasi dəstələr, terror zehniyyətli marginallar, şərti olaraq, "Qarabağ klanı" adlanan işğal "qəhrəman"ları, indiki qrant hakimiyyətinə müxalifətdə olanlar nəzərdə tutulurdu. Amma prezident İlham Əliyevin çıxışından göründüyü kimi, Ermənistan hakimiyyəti özü revanş duyğuları ilə yüklənib, revanş planları qurur. ABŞ-la birgə hərbi təlimləri kim keçirir? Ermənistan hökuməti. 500 kilometrlik məsafədəki hədəfləri vura bilən müasir hücum silahlarını kim alır? Yenə həmin hökumət. Sülh sazişini, "Zəngəzur dəhlizi" ilə bağlı öhdəliyin icrasını kim yubadır? NATO hərbçilərini "Avropa İttifaqının müşahidə missiyası" adı altında şərti sərhədlərə kim yerləşdirib? Təbii ki, "marginal ünsürlər" deyil, Ermənistan hökumətinin özü.
O halda prezident İlham Əliyevin hərbi gücün artırılmasını bir nömrəli vəzifə elan etməsi indiki situasiyaya adekvatdır. Bu, bəzi qərəzli tənqidçilərin və marginal "hərşeyşünas"ların iddia etdiyi kimi, büdcənin qəsdən militaristləşdirilməsi deyil. Eyni zamanda real təhdid qaynaqlarının istənilən ərazidə vurulmasını başqa ölkəyə qarşı aqressiya kimi yozanlar da yox deyil. Qrant mənşəli pasifizm, yersiz beynəlmiləlçilik, idxal kosmopolitizmi, qışqırıqçı sülhsevərlik... bunların heç biri real situasiyanı əks etdirmir. Ermənistanın Azərbaycana qarşı siyasəti mahiyyətcə dəyişməyib. Nikol Paşinyanın "tarixi-xəyali Ermənistan"dan "real Ermənistan"a keçid" haqda bəyanatları, sadəcə, kəlmə oyunudur. Üstəlik prezident İlham Əliyevin də dediyi kimi, II Dünya Müharibəsindən sonrakı təhlükəsizlik arxitekturası da dağılıb, artıq yoxdur. Hələ bu arxitektura mövcud olanda, sanki işlək olanda Ermənistan Azərbaycanın ərazisinin 20 faizini zəbt edib, 30 il işğal altında saxlamışdı. İndi heç bir çəkindirici faktor qalmadığı dövrdə yeni işğala iştahlanmayacağına kim təminat verə bilər?! Dünən arxasını Rusiyaya söykəyib, işğalçılıq edirdi, bu gün ABŞ-a, yaxud Fransaya arxalanıb üstümüzə gəlmək istər. Odur ki, prezidentin çıxışındakı ritorikadan tutmuş qarşıya qoyduğu prioritetlərə qədər hər şey indiki geosiyasi konyukturaya və gələcək bədbin proqnoz və perspektivlərə tam uyğundur.
Bahəddin HəziBahəddin Həzi, Bizimyol.info






